AZ

Laçının işğaldan azad olunması tarixi ədalətin təntənəsidir » AzadMedia.az



Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfərin parlaq səhifələrindən birini də Laçının mənfur düşməndən azad olunması təşkil edir.

Ermənistanın ərazi iddialarından qaynaqlanan işğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan olunub və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb. Laçında beynəlxalq humanitar hüququn ciddi pozuntusu olan və müharibə cinayəti kimi tövsif edilən qanunsuz məskunlaşma aparılmış, xaricdə yaşayan ermənilər buraya yerləşdirmişdir.

ATƏT-in 5 fevral 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Laçında 8000-dək erməniəsilli şəxs məskunlaşmışdır və bu cinayət əməlinin əsas məqsədi əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi olmuşdur. Ancaq Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının doğma Vətənə qayıtması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi-siyasi strategiyasının parlaq nəticəsi idi. Dövlət Başçısının sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Lacında hal-hazırda iri miqyaslı bərpa-quruculuq işləri aparılır, 1000-dən çox yaşayış evi tikilib və bərpa olunub. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.
Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin olunub.

Seçilən
3
azadmedia.az

1Mənbələr