AZ

Rumıniyalı senator Qarabağda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Rumıniya Senatının (parlamentin yuxarı palatası) mədəniyyət və media komitəsinin sədri, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri baş tutub.

“İki sahil” Azərbaycanın Rumıniyadakı səfirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində rumıniyalı senator Xankəndi və Şuşa şəhərlərini ziyarət edib.

Senator Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov ilə rəsmi görüşü keçirilib.

Rumıniyalı senator Qarabağda olmaqdan şərəf hissi keçirdiyini qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə aparılan miqyaslı bərpa-tikinti işlərini yol boyunca müşahidə etdiyini, beynəlxalq əməkdaşlıq üçün Qarabağda turizm, sənayenin inkişafı üçün böyük potensialı vurğulayıb.

O, Rumıniyanın Maramureş və Azərbaycanın Qarabağ regionu arasında əlaqələrin inkişafına toxunaraq yaxın zamanda tərəflər arasında əməkdaşlıq haqqında bəyannamənin imzalanmasını təklif edib. Həmçinin senator Qarabağ haqqında xoş təəssüratları, insanların qonaqpərvərliyi və isti münasibəti, şahid olduğu bərpa-quruculuq işləri barədə Rumıniya parlamentindəki çıxışında həmkarları ilə bölüşəcəyinİ bildirib.

Senator Qarabağ bölgəsinin rəsmi nümayəndələrini Rumıniyanın Maramureş regionuna səfərə dəvət edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz növbəsində rumıniyalı qonaqlara 30 illik işğaldan sonra Azərbaycanın torpaqlarının uğurla azad olunması, regionda aparılan iri miqyaslı infrastruktur və tikinti layihələri, “Böyük Qayıdış” proqramına əsasən doğma yurdlarından didərgin düşmüş qaçqınların işğaldan azad olunmuş ərazilərə qayıtması və bölgənin gələcək inkişaf planları barədə geniş məlumat verib.

Görüşdə iştirak edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında həmçinin iki ölkənin regionları arasında əməkdaşlığa toxunub, Qarabağ ilə Maramureş arasında əlaqələrin inkişafını, birgə layihələrin həyata keçirilməsini iki ölkənin strateji əməkdaşlıq əlaqələrinə cavab verdiyini bildirib.

Xatırladaq ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov avqustun 15-də Maramureşin Moisey şəhərində Rumıniya parlamenti Senatının sədrinin və bir çox Rumıniya dövlət xadimlərinin iştirakı ilə qeyd edilən “Maramureşin günü”nə həsr olunmuş təntənəli tədbirdə videobağlantı vasitəsi ilə çıxış edib, Qarabağ iqtisadi rayonu barədə danışaraq Rumıniya ilə gələcək əməkdaşlıq üçün geniş imkanlar barədə söz açıb.

Qarabağa səfər çərçivəsində Rumıniya nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib, universitetin rektoru Şahin Bayramov ilə görüş keçirib. Rektor qonaqlara universitetdə tədris-təhsil prosesi, nəzərdə tutulan layihələr, əməkdaşlıq proqramları barədə geniş məlumat verib. Senator Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Maramureş bölgəsində yerləşən Baya-Mare Texniki Universiteti ilə Qarabağ Univeristeti arasında əlaqələrin qurulması və inkişafı istiqamətində işlərin aparılmasını, tələbə və müəllim mübadiləsi üçün iki universitetlərin rəhbərliyi arasında görüşlərin təşkil olunmasını təklif edib.

Səfər çərçivəsində Şuşa şəhərini ziyarət edən qonaqlara Şuşa şəhərinin tarixi, 44-günlük müharibə zamanı Azərbaycan ordusunun qəhrəmanlığı və şəhərdə aparılan bərpa-tikinti işləri barədə ətraflı məlumat verilib.

Seçilən
30
7
ikisahil.az

6Mənbələr