AZ

Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək AÇIQLAMA

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri  ABŞ Prezidentinin şahidliyi ilə ATƏT Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin ATƏT katibliyinə birgə müraciət etdiyi barədə ictimaiyyətə məlumat verib.

ATƏT-dən isə bildirilib ki, qurumun fəaliyyətdə olan sədri kimi Finlandiya Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

Prezident İlham Əliyev ötən gün Kəlbəcər şəhər sakinləri ilə görüşdə də Minsk qrupu ilə bağlı məsələyə toxunub.

Dövlət başçısı vurğulayıb: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Qeyd edək ki, Fransa da Minsk Qrupunun ləğv edilməsinə dəstək verəcəyini bəyan edib. Artıq qrupun ləğvi ilə bağlı proses başlayıb.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov bildirib ki, ATƏT-in Minsk qrupu və əlaqəli orqanlarının ləğvi ilə bağlı prosesə start verilməsi çox mühüm hadisədir:

"Nəzərə alaq ki, Prezident İlham Əliyevin misilsiz liderliyi, sərkərdəliyi sayəsində regionda yaranan yeni reallıq nəticəsində bu prosesə start verilib. Artıq Ermənistanla Azərbaycan arasında anlaşma prosesi istiqamətində mühüm addımlar atılıb.Vaşinqton görüşü bunun bariz nümunəsidir. Görüş çərçivəsində imzalanmış birgə bəyannamə, eyni zamanda sülh sazişinin mətninin paraflanması qeyd etdiyim kimi bu istiqamətdə irəli atılmış addım kimi qiymətləndirilə bilər. Sülh sazişi təşəbbüsü Prezident cənab İlham Əliyevə məxsusdur. Sülh sazişinin layihəsi əsasən Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında hazırlanıb. Maddələr Azərbaycanın maraqlarına xidmət edir. Sülh sazişinin imzalanması ilə bağlı qarşıda duran manelər- Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı məsələlər, artıq Ermənistan tərəfinin diqqətinə çatdırılıb. Artıq bu məsələlərdən biri-Minsk qrupunun və əlaqəli orqanların ləğvi ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT rəhbərliyinə məktub ünvanlayıblar. ATƏT katibliyi üzv dövlətlərə fərdi qaydada məlumat ötürüb. Prosesə artıq start verilib. ATƏT-in daxili prosedurlarına əsasən bu kimi məsələlər təşkilatın daimi nümayəndələr şurasının iclasında müzakirə edilir. Həftədə bir dəfə daimi nümayəndələr toplaşır. Növbəti mərhələdə ATƏT-in xarici işlər nazirləri şurasının iclasının gündəliyi müəyyən olunur. ATƏT-in xarici işlər nazirləri şurasının iclası bu ilin dekabrında keçiriləcək. Həmin iclas çərçivəsində də digər məsələlərlə yanaşı ATƏT-in Minsk qrupunun və əlaqəli orqanlarının ləğvi ilə bağlı məsələ gündəliyə çıxacaq. ATƏT-in prosedurlarına uyğun olaraq, konsesnus əsasında qərarlar qəbul olunur. Minsk qrupunun həmsədr ölkələri Fransa və ABŞ bu prosesə dəstək olacaqlarını, artıq bəyan ediblər".

Z.Şükürov vurğulayıb ki, Minsk qrupunun digər üzvü olan Rusiyanın da prosesə dəstək verəcəyinə ümid edilir:

"Aparıcı dövlətlər, həqiqətən də, regionda sülhün bərqərar olmasında maraqlıdırsa, Minsk qrupunun və əlaqəli orqanlarının ləğvi ilə bağlı prosesə dəstək verməlidirlər. Əks münasibət,heç şübhəsiz, regionda sabitliyə, sülhə inkişafa xələl gətirən addım ola bilər. Unutmayaq ki, bu məsələ xüsusi olaraq ABŞ Prezidenti cənab Trampın diqqətdindədir. ABŞ Dövlət Departmeninin sözçüsü razılaşdırılmış məsələlərdə  ABŞ Prezidentinin ciddi olduğunu açıqlayıb.  Bu məsələlərin həllini çox vacib hesab edir. Bu baxımdan, Rusiya da ABŞ-nin bu mövqeyini nəzərə alıb, Minsk qupunun ləğvi prosesinə müsbət yanaşacaq və nəhayət konsensus əldə etmək mümkün olacaq. ATƏT-in Minsk qrupunun üzvləri,həqiqətən, regionda sülhün, inkişafın, sabitliyin olmasında maraqlıdırsa, Minsk qrupunun və əlaqəli orqanlarının ləğvi ilə bağlı müsbət cavab verəcəklər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
modern.az

3Mənbələr