Ziddiyyətli hərəkətlər Almaniya kansleri Fridrix Mertsin reytinqinin çökməsinə səbəb olub. Yüz gündən sonra alman seçicilərinin yalnız 30%-i onun hökumət başçısı kimi işindən razıdır. Bu, Mertsin sələfləri ilə müqayisədə eyni dövr üçün ən aşağı göstərici sayılır.
Yüz gün öncə Fridrix Mertsin kanslerliyi rəsmiləşəndə Almaniya tarixində yeni bir səhifə açılacağını proqnoz edənlər artıq yanıldıqlarını etiraf edirlər. Hökumət başçısının ilk 100 gününü adətən "bal ayı" adlandırırlar. Bu dövr başa çatsa da, vətəndaşlar daha yaxşı dəyişikliklər hiss etmədilər. Yüz günün mənzərəsi belədir: iqtisadi durğunluq, artan işsizlik, inflyasiya.
İqtisadi gerilik
Bu ilin ilk altı ayında Almaniya xarici ticarətdə sürəti itirir. Düzdür, ixracatçı ölkə kimi liderliyini saxlayır, lakin Çin və ABŞ bazarında itkilər bu üstünlüyün gələcəkdə darala biləcəyini göstərir. Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertsin kansler seçilməsi postmerkel dövrünün zəif koordinasiyalı siyasətindən sonra Almaniyanın Avropa İttifaqında liderlik iddiasını bərpa etməyə yönəlmiş strategiyanın işarəsi kimi qiymətləndirilirdi. Lakin belə olmadı. Üç partiyanın - Xristian Demokratik İttifaqı (XDİ), Xristian Sosial İttifaqı (XSİ) və Almaniya Sosial Demokrat Partiyasının (ASDP) nümayəndələri tərəfindən bu posta irəli sürüldüyü andan problemlər yaşayan Mertsin reytinqi rekord səviyyədə aşağı düşüb. İş o yerə çatıb ki, qara-qırmızı hökumətin mövcudluğu yüz günlük həddə çatmadan faktiki olaraq sual altına düşüb. Problemlər ard-arda gəlir. Merts dövlət borcunun həcmini artırmaq imkanı əldə etmək üçün Almaniya tarixində misli görünməmiş Konstitusiyanı dəyişdirmək manevrinə getməli olub. Lakin yüz milyardlarla avro əlavə kredit Mertsə az kömək etdi, çünki onun səylərini Aİ və ABŞ arasında alovlanan ticarət müharibəsi demək olar ki, heçə endirdi. Yay tətilinə getməzdən əvvəl hökumət hətta 2025-ci il üçün büdcəni Bundestaqda təsdiq edə bilmədi. Kansler büdcədə yaranan boşluqları sosial xərcləri azaltmaq hesabına doldurmağa qərar verdi. Belə davam edərsə, koalision hökumət dağıla və yeni seçkilər keçirilə bilər.
Xarici siyasətdə yüz gün
Mertsin ilk yüz gündə fəaliyyətinin ağırlıq mərkəzini xarici siyasətə köçürdüyünü deyənlər də var. Onun beynəlxalq arenada ilk addımlarından biri mayda Ukraynada atəşkəsə razılıq vermək məqsədilə Rusiya dövlətinin başçısına qarşı "ultimatum" irəli sürməsi oldu. Hələlik kanslerin özünü Avropanın lideri kimi göstərmək cəhdləri daha çox nümayişkaranə və deklarativ xarakter daşıyır. Eyni zamanda, onun Qəzza sektoru ilə bağlı mövqeyinə görə İsrailə hərbi yardımı dayandırmaq barədə son qərarı XDİ və xüsusilə XSİ sıralarında tənqidlə qarşılanıb. Bir sıra nəşrlər Mertsi Kiyevlə hərbi sahədə əməkdaşlığını nəzərə alaraq, ikili standartlarda günahlandırırlar. Nəticədə, ziddiyyətli hərəkətlər onun reytinqinin çökməsinə səbəb olub. Bu gün alman seçicilərinin yalnız 30%-i onun hökumət başçısı kimi işindən razıdır. KİV xatırladıb ki, yüz gündən sonra Şoltsda bu göstərici 43%, Angela Merkeldə isə 65% təşkil edirdi. Almanların 60%-i hökumətdən narazıdır, onun fəaliyyətini yalnız 27% bəyənir ki, bu da iyul ayındakı 44% narazı və 37% razı olanlarla müqayisədə əhəmiyyətli pisləşmədir.
“Kansler heç bir sözünü tutmadı”