Tatarıstan rəhbəri Rüstəm Minnixanovun son açıqlamaları Rusiyada miqrant uşaqların təhsilə çıxışı ilə bağlı mübahisələri yenidən gündəmə gətirib. Kremlə zidd mövqeyi ilə seçilən Minnixanov bildirib ki, rus dilini bilməyən uşaqların məktəbə buraxılmaması yolverilməzdir. Onun sözlərinə görə, heç bir uşaq ana dilinə görə cəzalandırılmamalıdır və istənilən azyaşlı qısa müddətdə 3-4 ay ərzində dili öyrənə bilir. Bu mövqe Rusiyada geniş rezonans doğurub.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyada miqrantlarla bağlı qəbul edilən qanun və onların uşaqlarının orta məktəbdə dil bilməməsi səbəb ilə təhsil hüququndan məhrum edilməsi Kremldə artan millətçilik və irqi ayrı-seçkiliyin bariz nümunəsidir:
“Məhz Tatarıstan Respublikasının sədrinin buna qarşı çıxması Kremlin ciddi strateji səhv yolunda olduğunu göstərir. Təbii ki, bu qərar Rusiyada miqrant problemini daha da dərinləşdirəcək və ölkəyə Mərkəzi Asiya ilə Qafqazdan gedənlərin sayının əhəmiyyətli dərəcədə azalmasına təsir göstərəcək.
Əgər Rusiya bu qanunu ləğv etməsə, bu, digər millətlərə qarşı aqressiv münasibətin göstəricisi olacaq. Moskva bununla post-sovet ölkələrinə də təzyiq edir. Halbuki bu siyasət əksinə, Rusiyanın öz əleyhinə işləyəcək. Cəlbedici siyasət aparmaq, ölkəni ədalətli və rifah dövləti kimi göstərmək əvəzinə, uşaqların hüquqlarını pozan belə qərarların qəbul edilməsi Kreml rəhbərliyinin reallıq hissini itirdiyini göstərir. Belə bir yanaşma dövlət idarəçiliyi sayıla bilməz.
Ümumiyyətlə, Ukraynada uşaqları oğurlayan bir sistemin, indi də uşaqların təməl hüquqlarını pozan siyasət yürütməsi təəccüblü deyil. Düşünürəm ki, bu qanun ləğv edilə bilər”.