AZ

Azərbaycanın yaratdığı reallıqlar: bu layihə Avrasiyanı silkələyəcək

Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlar və Azərbaycan prezidentinin ardıcıl təşəbbüsləri yeni-yeni layihələrin reallaşmasını mümkün etməkdədir. 

 

Belə layihələrdən biri də Türkiyədə dünən təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttidir. Bu xətt təkcə Türkiyənin şərq bölgələri üçün deyil, bütün region üçün iqtisadi və strateji baxımdan mühüm layihədir və düşünürəm ki, o hər kəs üçün yeni imkanlar açacaqdır. Layihə həm Türkiyədə daxili infrastrukturun inkişafına, həm onun qonşu ölkələrlə əlaqələrin möhkəmlənməsinə, həm də Osrta Dəhlizin imkanlarının artırılmasına xidmət edəcəkdir.

 

Dəmir yolu xəttinin əsas məqsədi regionun nəqliyyat və logistika imkanlarını genişləndirmək, Avropa ilə Qafqaz və Orta Asiya arasında yeni körpü rolunu oynamaqdır. Bu marşrut Türkiyənin Qars bölgəsindən başlayaraq Dilucu sərhəd keçidinə qədər uzanır və Naxçıvandan keçərək strateji olaraq Zəngəzur dəhlizi ilə birləşərək Azərbaycan, eləcə də Orta Asiya və Şərq ölkələrinə çıxış imkanı yaradır.

 

Layihə kifayət qədər böyükdür, smeta dəyəri 2.3 milyard dollardan çoxdur. Tikinti çərçivəsində onlarla tunel, körpü inşa ediləcək. Dəmir yolu tamamlandıqda illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücünə sahib olacaqdır. Türkiyə növbəti illərdə bu layihədən milyardlarla dollar gəlir əldə edəcəkdir.

 

Layihənin regional əhəmiyyəti və iqtisadi inkişafa verəcəyi töhfə:

 

Yeni dəmir yolu xətti bölgə iqtisadiyyatına güclü təkan verəcək. Əvvəla, yerli istehsalçıların kənd təsərrüfatı və sənaye məhsullarının bazarlara çıxışı asanlaşacaq, ixrac imkanları genişlənəcək. Bu isə regionda istehsal, ticarət və məşğulluq imkanlarını artıracaq.

 

İnfrastrukturun tikintisi və sonrakı logistika fəaliyyətləri yeni iş yerləri yaradaraq sosial rifahı gücləndirəcək. Eyni zamanda dəmir yolu daşımaları daha çevik və ekoloji baxımdan dayanıqlı alternativ təqdim edəcək, avtomobil nəqliyyatından asılılığı azaldaraq karbon emissiyalarını minimuma endirəcək.

 

Layihənin strateji və geosiyasi əhəmiyyəti:

 

Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xətti sadəcə nəqliyyat layihəsi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan strateji addımdır. Bu xətt Türkiyənin Avrasiyanın mərkəzində lojistik körpü rolunu gücləndirir, Çin-Avropa ticarət marşrutu üzərində yeni imkanlar açır.

 

Layihə həmçinin Türkiyə ilə Azərbaycan arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcək, Zəngəzur dəhlizi vasitəsilə Orta Asiya ölkələrinə çıxışı asanlaşdıracaqdır. Bu, bölgədə sabitlik, əməkdaşlıq və diplomatik münasibətlərin möhkəmlənməsinə də töhfə verəcək. Bu isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionda irəli sürdüyü təşəbbüslərə uyğundur.

 

Türkiyə isə bu dəmir yolu ilə təkcə iqtisadi mənfəət əldə etmir, həm də beynəlxalq ticarət və siyasətdə öz mövqeyini daha da gücləndirəcəkdir. Region ölkələri arasında dayanıqlı və yüksək həcmli ticarət axını formalaşdıqca, Qars-İğdır-Dilucu marşrutu strateji əhəmiyyətini daha da artıracaq.

 

Layihənin gələcək perspektivləri:

 

Layihənin reallaşması ilə region ölkələri üçün bir çox nəticələrin əldə olunacağı gözlənilir:

 

- Avropa-Qafqaz-Asiya xəttində tranzit daşımaların həcmi və sürəti əhəmiyyətli dərəcədə artacaq.

- İxrac-idxal imkanları genişlənəcək, region ölkələrinin bazarlara inteqrasiyası sürətlənəcək.

- Azərbaycan, Türkiyə və digər qonşu ölkələr arasında iqtisadi və diplomatik əlaqələr möhkəmlənəcək.

- Ekoloji cəhətdən daha təmiz və səmərəli nəqliyyat imkanı yaradılacaq.

- Türkiyə və Azərbaycan Avrasiyanın ticarət və logistika mərkəzlərindən birinə çevriləcək.

 

Beləlikə, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xətti Türkiyə üçün regional inkişaf layihəsi olmaqla yanaşı, Avrasiya miqyasında strateji əhəmiyyətə malikdir. Bu xətt həm iqtisadi, həm də siyasi baxımdan yeni imkanlar açır, qonşu ölkələrlə əməkdaşlığı gücləndirir və Orta Dəhlizin imkanlarını daha da genişləndirəcəkdir.

Tahir Mirkişili 

Milli Məclisin deputatı

Seçilən
1
4
modern.az

5Mənbələr