AZ

“Ermənistanda gələnilki seçkilərədək Azərbaycan Konstitusiyaya dəyişiklik tələbindən çəkilə bilərmi?”- Eks-nazir

“Hesab edirəm ki, Azərbaycan-Ermənistan Sülh Sazişinin deyilən tarixdə imzalanması mümkün deyil. Çünki Azərbaycan tərəfi Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir...”
 
Keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov Moderator.az əməkdaşı ilə növbəti söhbətində Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesinin gələcəyi ilə bağlı təhlil və qiymətləndirmələrini bölüşüb. Zülfüqarov xüsusən də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Sülh Bəyannaməsinin perspektivini, Yekun Sülh Sazişinə doğru aparan prosesin Ermənistanda gələcəkdə hakimiyyət dəyişikliyi zamanı necə inkişaf edə biləcəyini və regional güclərin rolu haqqında öz fikirlərini açıqlayıb. Eks-nazir sülhün yalnız hüquqi və diplomatik sənədlərlə bitmədiyini, həm də tərəflər arasında real həllərə gətirib çıxaracaq dəyişikliklərinin vacibliyini vurğulayıb. Həmçinin sabiq daş diplomat erməni cəmiyyətindəki dəyişən düşüncə tərzinin və Rusiyanın regional təsirinin bu məsələlərə necə təsir edə biləcəyinə dair öz analizini təqdim edib.
 
-Tofiq müəllim, Alyaskada Tramp-Putin görüşündən sonra dünyada baş verənlər fonunda avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin  imzaladığı Birgə Sülh Bəyannaməsindən sonra imzalanmalı olan Yekun Sülh Sazişinin taleyini necə görürsüz? Bu günlərdə İran araşdırmaçılarından biri iddia edib ki, Yekun Sülh Sazişi aprelin 24-də Trampın iştirakıyla İstanbulda imzalanacaq. Sizdə belə bir məlumat yoxdur ki?
 
-Xeyr. Hesab edirəm ki, Azərbaycan-Ermənistan Sülh Sazişinin deyilən tarixdə imzalanması mümkün deyil. Çünki Azərbaycan tərəfi Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir. Bunun üçün isə referendum keçirilməlidir. Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib...
 
Həm də biz başa düşməliyik ki, Sülh Sazişi imzalansa da, orada iki tərəf üçün də bütün gərəkli məsələlər həllini tapmayacaqdır. Çünki hər şeydən vacib, sərhədlər müəyyən olunmalıdır. Və “Tramp yolu” deyilən kommunikasiyalardan başqa iki ölkə arasında digər kommunikasiyalar da var.  Humanitar mövzular da öz həllini tapmalıdır. Və s. və ilaxır...
 
-Ola bilərmi ki, Ermənistandakı seçkilərədək  Azərbaycan tərəfi Konstitusiyaya dəyişiklik tələbindən çəkilsin? Axı, prezident İlham Əliyev də Vaşinqtonda Sülh Sazişini tezləşdirməyin vacib olduğunu söylədi...
 
-Axı bu, məntiqə uyğun olmayacaqdır...
 
-Bəzi politoloqlar, analitiklər deyir ki, əslində Konstitusiyaya dəyişikliyi Sülh sazişindən sonra da həll etmək mümkündür. Bununla bağlı tələbi sazişə bir maddə kimi əlavə etmək olar. Onsuz da siz dediyiniz kimi, Sülh Sazişi ilə bütün məsələlər həllini tapmayacaq ki...
 
- Sülh Sazişinə imza atılmasıyla hər şey bərqərar olmur. Münaqişəni təşkil edən mövzular var, problemlər var. Bu problemlərin həll olunması məsələsi var. Və bizə davamlı sülh lazımdır. Nə mənada? Yəni bu gün Paşinyan sazişə qol çəksin, sabah başqası gəlib onun imzasını şübhə altına ala bilməsin...
 
-Biz də məhz onu soruşmaq istəyirdik ki, 2026-cı ilin iyun seçkilərində Ermənistanda hakimiyyətə hansısa rusiyapərəst revanşist qüvvə gəlsə, ondan öncə imzalana biləcək Sülh Sazişindən, yaxud elə həmin Sülh Bəyannaməsindən imtina etsə, nə baş verəcək? 
 
-Elə Paşinyan özü də mövqeyini dəyişə bilər. Bu, son 7-8 il ərzində tez-tez baş verib. Son vaxtlar bizdə Paşinyanın, az qala, "qəhrəman" obrazını yaradırlar. Amma unudurlar ki, onun bu “qəhrəmanlığı”  “dəmir yumruq”dan sonra meydana çıxdı. Və 44 günlük müharibənin bitməsindən sonra davam edir. Ondan əvvəl isə Paşinyanda heç bir belə əlamət görməmişdik...
 
-Hər halda rusiyapərəst və revanşistlərdən fərqli olaraq Paşinyanın davamlı olaraq sülh prosesini apardığı görünür...
 
-Düzdü, sülhə doğru gedir, amma “dəmir yumruq”dan sonra... Yenə deyirəm, davamlı sülh Ermənistanın öz Konstitusiyasını dəyişməsi ilə bağlıdır. Nə mənada? Konstitusiyanı dəyişmək üçün referendum keçirilməlidir. Referendum ərəfəsində geniş ictimai diskussiya aparılacaq və hər kəs öz sözünü deyəcək. Sonra da bu dəyişikliyə səs verən və ya verməyən Ermənistan ictimaiyyəti olacaq... Fürsətdir, baxaq, görək, ermənilərin əksəriyyəti Azərbaycanla sülhə hazırdırlar, yoxsa yox... Bizimkilərin çoxu deyir ki, biz sülhün tərfdarıyıq- Ermənistanla sülh gecikdirilmədən imzalansın, müharibə birdəfəlik bitsin... Yaxşı, biz əminikmi ki, Ermənistandakılar sülh tərəfdarıdır, yoxsa yox? Bizimki o məşhur şeirdə deyildiyi kimi alınır: sizi sevəcəyik, siz sevməsəniz də... Belə şey olmaz...
 
Yaxşı, bu gün sülhə qol çəkdik, sabah nə olacaq? Bizdə deyirlər ki, Rusiya Sülh Sazişinin imzalanmasını istəmir. Bəs Ermənistanda kim buna qarşı çıxır? Əlbəttə, ruspərəstlər. Birincisi,  bu münaqişəni kim yaradıb? Əlbəttə, Rusiya və ermənilər. İndi, baxaq görək, ermənilər bu siyasətdən imtina edirlərmi, yoxsa yox?
 
-44 günlük savaşdakı məğlubiyyətdən sonrakı demokratik seçkilərdə Paşinyanı yenidən baş nazir seçməklə ermənilər göstərdi ki, əksəriyyəti Rusiyanın yüz illərdir onlara təlqin etdiyi dediyiniz münaqişə siyasətindən imtina ediblər... 
 
-Nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan Azərbaycanın müharibədəki qələbəsindən sonrakı şoku yaşayan bir cəmiyyət idi. İndi isə bir qədər özlərinə gəliblər və görürsən ki, müxtəlif cəfəng fikirlər səsləndirənlərin sayı çoxalmaqdadır. İkincisi, bir məsələyə də diqqət yetirək: müharibə bitəndən sonra Ermənistan nə axtarırdı? Axtarırdı ki, görək kim gəlib onun yerinə Azərbaycanla dava edəcək... Gah İranı, gah Hindistanı, gah da Fransanı deyirdilər. Sonda baxıb gördülər ki, heç bir dövlət onlara real dəstək vermir. Ona görə də  Vaşinqtona – Ağ Evdəki Sülh Bəyannaməsinədək gəlib çıxmağa məcbur qaldılar... Ancaq mən düşünürəm ki, deyəsən, indi də Rusiya yenidən ermənilərə nəsə vəd edib və Ermənistanın bəzi siyasətçiləri "hər şey hələ bitməyib" deyərək, hansısa oyunlar oynamağa hazır olacaqlar. Baxaq görək, gələcəkdə hər şey aydın olacaq...
 
Sultan Laçın
 
Seçilən
16
1
moderator.az

2Mənbələr