AZ

"Sülh üçün çalışırıq, amma təzyiq qarşısında cavab verməyə hazırıq…"-Akif Nağı 

Azərbaycanın mövqeyi dəyişməzdir, Ermənistanda  kim hakimiyyətə gəlsə də, bu mövqeyə təsir etməyəcək…”
 
Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az əməkdaşına açıqlamasında Ermənistanda gələn il keçiriləcək seçkilərin Azərbaycan-Ermənistan sülh prosesinə təsiri barədə fikirlərini açıqlayıb. O, Ermənistanın hakimiyyətində baş verəcək dəyişikliyin sülh danışıqları üçün ciddi bir maneə yaratmayacağını vurğulayıb: “Ermənistanda hansı qüvvə hakimiyyətə gəlsə də, reallıqla üzləşməli olacaq və Azərbaycanın prinsiplərinə uyğun hərəkət etməyə məcbur olacaq.”
 
A.Nağı Paşinyanın sülh prosesinə qoşulmasında Azərbaycanın güclü mövqeyinin əsas amil olduğunu qeyd edərək, "Paşinyan bu razılaşmanı məhz Azərbaycanın gücünü anlayaraq qəbul edib," – deyib. Onun sözlərinə görə, Ermənistanda hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr sülh prosesini kənara atmaq istəsələr də, nəticədə Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməyə məcbur olacaqdır.
 
Rusiya faktoruna toxunan partiya sədri Rusiyanın artıq Ermənistan üzərindən Azərbaycanı təzyiq altında saxlamağa gücünün çatmadığını bildirib. 
 
“Rusiya, Ermənistanda öz adamlarını hakimiyyətə gətirməyə çalışsa da, Azərbaycana qarşı təzyiq göstərmək iqtidarında olmayacaq,” – deyə o qeyd edib. Akif Nağı Rusiya və digər güclərin Azərbaycanın iradəsini qəbul etmək məcburiyyətində qaldığını və hər hansı təzyiq cəhdinin dərhal onlar üçün əks nəticə verəcəyini bildirib.
 
O, güc tətbiqinin Azərbaycanın maraqlarını qorumaq üçün bir vasitə olduğunu, amma Azərbaycan tərəfinin bu yola yalnız zərurət yaranarsa baş vuracağını vurğulayıb. “Əgər tərəf müqabillərimiz gücdən istifadə etsələr, biz də buna cavab verəcəyik,” – deyə o, əlavə edib.
 
Akif Nağı Azərbaycanın Qərbi Zəngəzurla bağlı hüquqlarını bərpa etmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyini söyləyib: “Biz bu gün sülh və sabitlik üçün çalışırıq, amma qarşı tərəf təzyiq göstərərsə, biz öz haqqımızı qorumağa davam edəcəyik.” O, həmçinin bildirib ki, bu vəziyyətdə Azərbaycan mövqeyini qoruyacaq və hakimiyyət dəyişiklikləri bu mövqeyə təsir etməyəcək. “Azərbaycanın mövqeyi dəyişməzdir, Ermənistanda  kim hakimiyyətə gəlsə də, bu mövqeyə təsir etməyəcək,” – deyə Akif Nağı vurğulayıb.
 
 
Seçilən
7
moderator.az

1Mənbələr