Quba rayonunda yerləşən Mediaz klinikasında növbəti “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası həyata keçiriləcək.
Səhiyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə, aksiya “PAŞA Holdinq”, Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhaliyə əlçatan tibbi xidmət imkanlarını genişləndirməkdir.
Gün ərzində, saat 10:00-dan 18:00-dək keçiriləcək aksiyada Quba və ətraf rayon sakinlərinin müayinəsi nəzərdə tutulub. Tibbi xidmətlər tam ödənişsiz şəkildə təqdim olunacaq və aşağıdakı əsas istiqamətləri əhatə edəcək.
• Qanda şəkər və arterial təzyiqin ölçülməsi;
• İlkin laborator analizlər;
• Endokrinoloq, terapevt müayinələri;
• Pediatrik müayinələr;
• Qalxanvari vəzin USM diaqnostikası;
• Tibbi məsləhət və yönləndirmələr.
Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilərək, onlara fərdi sağlamlıq tövsiyələri təqdim olunması nəzərdə tutulub. Qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə olunacaq. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır. Əlavə olaraq azyaşlı pasiyentlərimizə rəngləmə kitabçaları və rəngli qələmlər təqdim ediləcəkdir.