AZ

Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Ekspertlər bildirirlər ki, bu məsələdə əsas amil bazarda alıcıların sayının çoxalmasıdır.

Söküntülər hansı ərazilərdə olacaq? Ərazilərin sökülməsi mənzil bazarına da təsir edəcəkmi?

"Bakı Baş planda nəzərdə tutulan formada olacaq"

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, söküntülər həm dövlət ehtiyacı, həm də yeni yaşayış binalarının tikilməsi üçün aparılır: "2021-ci ildə Bakının baş planı təsdiq olundu. 2040-cı ilə qədər Bakı şəhəri Baş planda nəzərdə tutulan formada olacaq. Bu il Baş planın icrası ilə bağlı işlər daha sürətli gedir. Artıq paytaxtda çox sayda istismar müddətini bitirmiş binalar, yaşayış evləri sökülüb. Proses davam etdirilir. Onların yerində parklar, yollar, inzibati binalar inşa olunacaq. Sökülməli ərazilərlə bağlı monitorinqlər, planlamalar aparılır. Qiymətləndirmələrdən sonra qərar verilir. Dövlət ehtiyacı üçün sökülən ərazilərdə vətəndaşlara kompensasiya olaraq pul verilir. Bu işlər mərhələli şəkildə görülür. Yeni yolların çəkilməsi ilə də bağlı müəyyən ərazilərdə söküntü işləri aparılır. Yeni çəkiləcək yolların üzərində olan yaşayış evləri qiymətləndirilərək sökülür və vətəndaşlara kompensasiya məbləği ödənilir".

"Tarixi binalar maksimum qorunur"

E.Fərzəliyev hazırda söküntü işləri həyata keçirilən yaşayış massivlərindən bəhs etdi: "Hazırda Yasamal ərazisində keçmiş "sovetski" adlanan ərazidə söküntü işləri həyata keçirilir. Oradakı bütün binalar sökülmür. Çünki xeyli tarixi abidə mövcuddur. Məscidlər, hamamlar, kitabxanalar və digər qədim abidə hesab olunan yaşayış binaları da var. Tarixi binalar müəyyən edildikdən sonra onlara söküntü zamanı zərər gəlməməsi üçün maksimum qorunur. Ərazi söküldükdən sonra həmin ərazidə park salınacaq. İkinci İçərişəhər tipli 16-19-cu əsrə aid milli qoruq kimi qorunub saxlanılacaq. Nəsimi rayonunda da kiçik həcmli söküntülər gedir. Yəqin ki, yaxın gələcəkdə söküntülərin miqyası daha da böyüyəcək. O zaman hansı ərazilərin konkret olaraq nə zaman söküləcəyi bəlli olacaq".

Ucuz, amma təhlükəli

Ekspertin fikrincə, söküntülərin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: "Burada bir məsələni də qeyd etməliyik. Hansı ki, köhnə evlərin istər kirayə, istərsə də satış qiyməti yenilərə nisbətən dəfələrlə ucuz idi. Lakin söküldükləri üçün həmin mənzillər əmlak bazarından çıxmış olur. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtda kirayə mənzillərin qiymətləri indiki qiymətlərdən dəfələrlə baha olacaq. Çünki yeni binalar daha baha təqdim edilir. Amma hər bir halda Bakı köhnə yaşayış binalarından qurtulmuş olur. Çünki həmin mənzillər təhlükə mənbəyidir. Hər hansı zəlzələ, subasma, sürüşmə nəticəsində həmin ərazilərdə böyük dağıntılar yarana bilər".

Nəsimi, Yasamal, Nərimanov

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov da bildirdi ki, söhbət istismar müddəti başa çatmış və qəzalı şəraitdə olan binalardan və həyət evlərindən gedir: "İstismar müddəti bitən binaların əksəriyyəti söküləcək. Amma öncəlik qəzalı əmlaklardır. Köhnə binalar sökülərək yerində yeni binalar inşa edilir. Bu həm şəhərin gözəlliyinə, həm insanların rahat yaşamına səbəb olur. Nəsimi, Yasamal, Nərimanov rayonları istiqamətində daha çox söküntü prosesi gedir".

A.Nəsirov həmçinin vurğuladı ki, sökülən mənzillər üçün kompensasiya verilməlidir: "Ya vətəndaşa pul, ya da yeni binadan ev nəzərdə tutulur. Pul məbləği ailənin sayı, mənzilin otaqlarının sayına görə hesablanır. Hər şey qarşılıqlı razılaşma əsasında tənzimlənməlidir. Razılaşma olmasa məhkəmə yolu ilə həll edilir".

"Hər söküntü zamanı qiymətlərdə artım müşahidə olunur"

Ekspertin fikrincə, sökülən ərazilərdəki abidələr nəzarətə götürülür: "Tarixi binalar və memarlıq abidələri söküntüyə daxil deyil. Əsasən bu kimi yerlərdə söküntü işləri həyata keçirilmir. Əgər keçirilərsə, söküntü yaxınlığında abidələr qorunur. Abidələrə zərər dəyərsə, şirkətlərin qarşısına tələblər qoyulur. Həmin abidələr yenidən bərpa olunur".

A.Nəsirov söküntülərin əmlak bazarına təsirindən də danışdı: "Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Bunun da səbəbi odur ki, evi sökülən kompensasiya alan vətəndaş yenidən bazara üz tutur. Alıcı artdıqca da əmlak bazarında qiymət artır". ("Kaspi" qəzeti)

 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
9
news.milli.az

10Mənbələr