Azərbaycanda insanların ictimai nəqliyyata, o cümlədən avtobuslara tələbatı getdikcə artmaqdadır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu rəsmi statistika da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə bu ilin I yarısında avtobuslarla 861,3 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur. Təbii ki, əsas daşınma Bakının payına düşüb və son 2 ildə paytaxtda ictimai nəqliyyatın payı 5,5 faiz bəndi artaraq 33,9 %-ə yüksəlib. İctimai nəqliyyatında əsas rola malik olan avtobuslar hər gün minlərlə sərnişinin mənzil başına çatdırılmasında mühüm rol oynayır. Son illər ölkədə avtobus parkının yenilənməsi, yollarda avtobuslar üçün ayrıca zolaqların yaradılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Əlbəttə ki, əhalinin ictimai nəqliyyatdan geniş şəkildə istifadə etməsi bir tərəfdən yollarda sıxlığın, digər tərəfdən isə karbon emissiyalarının azaldılmasına, yəni ölkədə ətraf mühitlə bağlı vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Hazırda paytaxtda 2 200-dən çox avtobus müntəzəm marşrut xətlərində fəaliyyət göstərir. Bu, rekord göstərici hesab olunur. Orta müddətli hədəf isə avtobusların sayını 2 800-ə çatdırmaqdır. Artan tələbat fonunda yeni nəqliyyat vasitələrinin gətirilməsi zərurətə çevrilib. Bu ilin əvvəlindən Bakı küçələrinə 50-yə yaxın yeni avtobus buraxılıb. Avqust-sentyabr aylarında isə daha 200 ədəd ekoloji cəhətdən təmiz və müasir avtobusun paytaxt marşrutlarına qoşulması gözlənilir.
Ötən il COP29 ərəfəsində ölkəyə gətirilən 160 elektrikli avtobus bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bununla yanaşı, dövlətin təşəbbüsünü dəstəkləyən özəl şirkətlər də elektrik və sıxılmış təbii qazla (CNG) işləyən avtobusların ölkəyə gətirilməsinə maraq göstərirlər. Bu, həm ekoloji, həm də iqtisadi baxımdan mühüm addımdır. Avtobus parkının yenilənməsi və onların xidmət etdiyi infrastrukturun qurulması isə böyük maliyyə resursları tələb edir. Dünya bazarında nəqliyyat vasitələrinin qiymətinin artması bu prosesi ləngidə bilər. Odur ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi ictimai nəqliyatda qiymətlərin optimallaşdırılmasını zəruri edir. Nəzərə almaq lazımdır ki, həm dövlətə məxsus "BakuBus" MMC, həm də digər daşıyıcılar kommersiya qurumlarıdır və illərlə zərərlə işləyə bilməzlər. Problemin həllinə dəstək məqsədilə Azərbaycan yeni iqtisadi model əsasında ölkə daxilində avtobusların istehsalını nəzərdə tutan layihənin icrasına start verib. Yaxın vaxtlarda Çin şirkəti - BYD ilə birgə yaradılan zavodun fəaliyyətə başlaması gözlənilir. Bu zavod həm idxaldan asılılığı azaldacaq, həm də daha münasib qiymətə avtobus istehsalına imkan verəcək. Digər tərəfdən, infrastruktur işləri də sürətləndirilib. Son illərdə marşrut şəbəkəsinin optimallaşdırılması, yeni qovşaqların yaradılması və dayanacaqların tikilməsi ictimai nəqliyyatın səmərəliliyini artırıb. Xüsusilə avtobuslar üçün ayrılmış zolaqlar mühüm rol oynayır. Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı mövcuddur. Bu zolaqlarla hər gün 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürətin artması, bəzi istiqamətlərdə gediş vaxtının 12-22 dəqiqə qısalması sərnişinlər üçün əhəmiyyətli üstünlüklər yaradıb.
Bundan başqa, ölkədə ictimai nəqliyyatda rəqəmsal həllərin tətbiqi də genişlənir. Belə ki, “biletim.az” portalı vasitəsilə onlayn bilet satışının populyarlığı günü-gündən artır. 2025-ci ilin ilk 6 ayında bu portal vasitəsilə 337 mindən çox bilet əldə olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Bu da sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, xidmət keyfiyyətinə olan etimadı artırır. Avtobus parkının yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi və ekoloji nəqliyyat vasitələrinin tətbiqi ilə avtobusların ictimai nəqliyyatda payı daha da artacaq. Bu isə öz növbəsində şəhərdaxili hərəkətliliyin optimallaşdırılmasına, tıxacların azaldılmasına və ətraf mühitin mühafizəsinə ciddi töhfə verəcək.