Macarıstanın Baş naziri Viktor Orbanın “Üçüncü Dünya müharibəsi təhlükəsi” ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Orban bildirib ki, bu risk yalnız ABŞ və Rusiya liderlərinin birbaşa görüşü ilə azaldıla bilər. Bəs, bu nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Konkret.Az-a açıqlama verən politoloq Aytən Qurbanova qeyd edib ki, dünya müharibəsinin başlama ehtimalı uzun müddətdir mövcuddur:
“İki dünya müharibəsinin səbəblərinə nəzər salsaq, oxşar proseslərin son illərdə fərqli formatlarda təkrarlandığını görə bilərik. Beynəlxalq münasibətlər sistemi öz əhəmiyyətini itirib, güc faktoru isə ön plana çıxıb. Bu isə yeni beynəlxalq münasibətlər sisteminin yaranması üçün zəmin formalaşdırır. Tarixdə bu, sülh yolu ilə mümkün olmayıb, ona görə indi də yeni bir müharibə riski qaçılmaz görünür”.
Politoloq əlavə edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu gərginliyin kulminasiya nöqtəsidir:
“Dialoq imkanlarının dəyərləndirilməsi, ABŞ və Rusiya arasında atəşkəsə nail olmaq istiqamətində aparılan cəhdlər, Üçüncü Dünya Müharibəsinin hərbi cəbhədə alovlanmasının qarşısını almaq məqsədi daşıyır. Hazırda davam edən gərginlik həm siyasi-diplomatik, həm informasiya, həm də iqtisadi müstəvilərdə müharibə formasında davam edir. Bu isə hərbi müstəviyə keçid üçün real təhlükə yaradır”.
Müşviq Tofiqoğlu