"Azərbaycanın işğaldan azad olunan hər
bir guşəsi kimi, Kəlbəcər də öz doğma sakinlərini qarşıladı. Bu həftə şəhərə
ilk köç baş tutdu, həmçinin Prezident İlham Əliyev burada bir neçə yeni yaşayış məntəqəsinin
təməlini qoydu. Beləliklə, birinci mərhələdə "Böyük qayıdış" proqramı
çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə
tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Kəlbəcərə artıq yeni həyat
qayıdır, burada yeni inkişaf dövrü başlayır".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı Könül Nurullayeva söyləyib.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik
Şurasının 822 saylı qətnamə qəbul etdiyini xatırladan K.Nurullayeva deyib:
"Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan
Kəlbəcər rayonunu işğal etməsindən sonra 1993-cü il aprelin 30-da qəbul
olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal
olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi. Lakin 27 il ərzində
bu sənədin icrası ilə bağlı mexanizm işləmədi. Əksinə, Ermənistanı
silahlandıraraq işğalçını daha da stimullaşdırırdılar. Müzəffər Ali Baş
Komandan İlham Əliyevin də söylədiyi kimi, münaqişəni həll etmək mandatı olan
ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan öz məsələsini
özü həll etdi. Belə ki, Azərbaycan öz gücü hesabına, təkbaşına BMT qətnamələrinin
icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər bir güllə atılmadan
qaytarıldı".
Deputat bildirib ki, ermənilər Kəlbəcəri tərk
edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün əraziləri, mülki
obyektləri yenidən minalayıb evləri, meşələri yandırıblar. Dünya bu vandalizmin
şahidi oldu. Dövlətimizin başçısı bu vandallığı yada salaraq, Kəlbəcər şəhərində
bir salamat binanın qalmadığını vurğulayaraq deyib: "O, vəhşilik idi. O,
insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, on nəfər yox, kütləvi surətdə
edirdilər". Təbii ki, Azərbaycan xalqı bu baş verənləri heç vaxt
unutmayacaq.
"Prezident İlham Əliyev çıxışında növbəti
dəfə sülh mesajı verdi. "Biz istəmirik ki, müharibə olsun" deyən dövlətimizin
başçısı bir daha bəyan etdi ki, bununla belə "heç vaxt o qanlı tarix
yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq
olmalıyıq".
Azərbaycan müharibədən sonra daha da güclənib.
Biz öz sərhədlərimizdə möhkəmlənmişik və istənilən təhdidin qarşısını almağa
hazırıq. Təsadüfi deyil ki, Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə
olduğundan burada da komando hərbi birləşmələri yaradılıb.
Azərbaycanın güclü liderə, güclü
iqtisadiyyata, müasir və güclü orduya malik olması bərpa işlərinin sürətlə həyata
keçirilməsi, sərhədlərimizin etibarlı qorunması və ölkəmizin maraqlarının
müdafiəsində əsas faktordur", - deyə Könül Nurullayeva fikirlərini
yekunlaşdırıb.