Cəlilabadda üzüm yığımı sürətlənir
Cəlilabad
torpağı nə nemət desən, yetişdirir. Keçən əsrin 70-80-ci illərində burada
taxılçılıqla yanaşı, üzümçülük də intensiv şəkildə inkişaf etmişdir.
Ucsuz-bucaqsız üzüm bağları salınmış, yeni şərab zavodları tikilib istifadəyə
verilmişdir.
Həmin
hesaba rayon əhalisinin gün-güzəranı, yaşayış tərzi xeyli yaxşılaşmışdı. Bu,
ilk növbədə, Heydər Əliyevin Cəlilabada göstərdiyi diqqət və qayğının nəticəsi
idi. Lakin ötən əsrin 80-ci illərinin ortalarında SSRİ rəhbərliyinə gələn
M.Qorbaçovun üzümçülüyün və şərabçılığın ləğvi ilə bağlı verdiyi səhv qərar
bütün bunların üstündən qara bir xətt çəkdi.
Müstəqilliyimiz
əldə olunduqdan bir neçə il sonra - 1996-cı ildə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi
ilə Azərbaycanda torpaq islahatı həyata keçirildi. Kənd əhalisi torpağının
sahibi oldu, istədiyi bitkini əkib-becərmək, yetişdirmək imkanı əldə etdi. Gəlirli
sahə olan üzümçülüyün dirçəlməsi də həmin dövrdən başladı. Üzümçülüyün və şərabçılığın
inkişaf etdiyi Fransadan Cəlilabada mütəxəssislər dəvət olundu. Fransız mütəxəssisləri
üzümçülüyün inkişafı üçün Cəlilabadda münbit şəraitin olduğunu bildirdilər. Müəyyən
olunmuş sahələrə Fransadan gətirilən üzüm tingləri əkildi. Salınan bağlar günəşin
bol istisi və üzümçülərin əməyi nəticəsində vaxtından iki il əvvəl bara düşdü.
Bu, fransalı mütəxəssislərin heyrət və marağına səbəb oldu. Zaman keçdikcə üzüm
bağları genişləndirildi. Hazırda rayonda 1430 hektar üzüm plantasiyaları
mövcuddur. Cari mövsüm, son məlumata görə, 150 hektardan 500 tondan artıq məhsul
yığılmışdır.
"Rizvan"
MMC Cəlilabadın iri üzümçülük təsərrüfatlarındandır. Təsərrüfatın icraçı
direktoru Nemət Məmmədov 10 ildən artıqdır ki, burada çalışır. İşləyə-işləyə
qiyabi yolla 2020-ci ildə Ulyanovsk Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq
fakültəsini bitirib. Atası Əhmədağa kişi təcrübəli üzümçüdür. O da burada işləyir.
Lazım gələndə öz faydalı məsləhətləri ilə oğluna yaxından kömək edir.
Nemət Məmmədov
deyir ki, "Rizvan" MMC 1995-ci ildən fəaliyyət göstərir: "Şirkətin
58 hektar üzüm bağı var. Bundan 25 hektarı süfrə, 25
hektarı texniki üzüm sortlarıdır. Qalan 8 hektarını keçən il salmışıq. Əsasən,
"Prima", "Ora", "Artika" (qara kişmişi),
"Senbenial" (ağ kişmişi), "Viktoriya",
"Rieldklob" sortlarını əkmişik. Satış sarıdan da problem yoxdur. Hər gün 15-20
ton məhsul dəririk. Dərilən kimi də alıcılar başının üstünü aldırır. Daha
doğrusu, hər gün onların sifarişinə əsasən
məhsul yığırıq. Üzüm dəriləndən sonra çeşidlənib qablara yığılır. Bundan sonra
satışa aparılır. Süfrə üzümümüz Rusiyaya, Ukraynaya və daxili bazarlarımıza - əsasən
"Meyvəli"yə yola salınır. Onu da deyim ki, Rusiya və Ukraynaya
aparılan üzümlər əvvəlcə qonşu Biləsuvarda quraşdırılmış soyuducuda
"şoklanır", sonra xüsusi maşınlarla daşınır".
İcraçı
direktor bu ilin üzümçülük üçün uğurlu olduğunu, keçən illə müqayisədə məhsuldar
bağlarda daha çox məhsul yetişdiyini, məhsulun topdansatış qiymətinin şirkəti
qane etdiyini vurğuladı. Onu da dedi ki, hazırda müəssisədə üzüm yığımında 35 nəfər
çalışır.
Üzüm yığımı
rayonda gündən-günə sürətlənir. Avqustun sonu, sentyabrın ilk günlərində
texniki sortların yığımına start veriləcək.
Seyran CAVADOV,
"Azərbaycan"