Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Qərb Ukrayna kimi döyüşkən, güclü ordunun olmasının fərqində olmalı və bu ölkəyə ciddi dəstək verməlidir ki, Kiyev də qələbəyə hesablanmış hücum əməliyyatlarına başlasın”.
Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev Ukrayna Qərbin əsaslı dəstəyilə müdafiədən hücum taktikasına keçərsə, müharibənin mənzərəsinin necə dəyişəcə biləcəyini şərh edərkən deyib.
"Ukraynadan sonra təhlükənin Avropaya çatması ehtimalına baxmayaraq, indilikdə "köhnə dünya” insanı döyüşmək ruhunda deyil. Ona görə də onlar Ukrayna kimi döyüşən, güclü ordunun olmasının fərqində olmalıdır. Ukrayna əhalisi də döyüşmək, torpaqları azad etmək ruhundadır. Sadəcə, Ukraynaya ciddi dəstək göstərilməlidir ki, ölkə qələbəyə hesablanmış hücum əməliyyatlarına start versin. Kiyev hücum edərsə, Rusiya konkret itkilər qarşısında qalaraq, öz ambisiyalarından geri çəkiləcək”, deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert qeyd edir ki, Qərb bu savaş Rusiyanı taqətdən salma müharibəsi olduğundan, məqsədli şəkildə prosesi uzadır:
"Rusiyanı sürətli şəkildə məğlub etmə planı olsaydı, birləşmiş Qərb çoxdan buna nail olardı. İndilikdə isə savaş müharibəni uzadıb, Rusiyanı taqətdən salmaq, idarəolunan vəziyyətə gətirmək məqsədilə aparılır. Müharibəni dayandırmağın yeganə yolu Rusiyanı sahədə ekstensional itkilərə məruz qoymaqdır. Buna isə müdafiə taktikası aparmaqla nail olmaq mümkün deyil. Ona görə Kiyevə hücum silahları verilməli, əlavə dəstək tədbirləri görülməlidir.
Nəhayət Tramp da bunu səsləndirdi. O, əvvəllər səhv etdiyinin fərqində olaraq taktiki dəyişikliyə getdi. Ukraynaya uzaq mənzilli hücum silahları verilməlidir. Sülh bundan keçir”.
Konfliktoloq deyir ki, bunun üçün həm də Qərbin konsolidasiyasına ehtiyac var:
"Konsolidasiya tez bir zamanda ərsəyə gəlsə, yaxın perspektivdə Putinin masada oturmaq arzularını eşidəcəyik. Əks təqdirdə, Rusiyanın iştahı daha da artacaq”.
Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin Alyaska görüşündən sonra cərəyan edən proseslər Moskvanın Ukrayna məsələsində sülhdə maraqlı olmadığını ortaya qoydu. Bu əsasda Tramp gözlənilmədən Rusiyaya hücum mesajı verib.
O bildirib ki, işğalçı ölkəyə hücum etmədən qalib gəlmək mümkün deyil:
"Ukraynanın yalnız müdafiə olunmasına icazə verilmişdi, cavab verməsinə yox. İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətindir, hətta qeyri-mümkündür. Əliəyri və çox səriştəsiz Bayden Ukraynanın hücum etməsinə imkan vermədi, yalnız müdafiə, müdafiə... Sonda nə oldu?”
Ardınca Tramp maraqlı dövrlərin qabaqda olduğuna işarə vurub.
Bu açıqlama belə düşünməyə əsas verir ki, Rusiya öz mövqeyindən əl çəkməyəcəksə, Qərb Ukraynaya artıq müdafiə deyil, hücuma keçməyə imkan yaradacaq. Belə olan halda isə müharibənin gedişatı da dəyişə bilər.
Rüfət Sultan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.