AZ

Zülfüqar Hüseynzadə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Avqustun 24-də Moderator.az xəbər portalının qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin doğum gününə həsr olunmuş tədbir keçirilib. 
 
Moderator.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə mərhum jurnalistlə dostluq edən ziyalılar, media nümayəndələri, həmçinin yaradıcısı olduğu saytın kollektivi iştirak edib.
 
Tədbir həm də “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin yekunlarına həsr olunub. Bu baxımdan iki hissədən ibarət olan tədbirin ilk hissəsində Zülfüqar Hüseynzadənin həyat və yaradıcılığına nəzər salınıb. Çıxış edənlər mərhum jurnalistin peşəkarlığını, qələminə sadiqliyini və insan kimi yüksək keyfiyyətlərini vurğulayıblar.
 
Tədbirdə millət vəkili Qüdrət Həsənquliyev, professorlar Şahlar Əsgərov və Aqil Əsədov,  şair Zakir Fəxri, Yeniçağ.az-ın rəhbəri Aqil Ələsgər, TNS TV-nin rəhbəri Tural Səfərov, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Moderator.az -ın əməkdaşı Sultan Laçın və digər tanınmış şəxslər iştirak edərək çıxış ediblər.
 
Tədbirin ikinci hissəsində isə "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsinin qalibləri elan olunub və onlara mükafatlar təqdim edilib.
 
Birinci yerə "İnsan məskən salır" adlı məqalənin müəllifi İlhamə Rəsulova, ikinci yerə "İtirilən uşaqlıq illəri və viran qalan yurd yeri " adlı məqalənin müəllifi Vəli Həsənov, üçüncü yerə isə "Zülfüqar Hüseynzadənin jurnalistik irsi və medianın missiyası" adlı məqalənin müəllifi Lamiyə İsazadə layiq görülüb.
 
Tədbirin sonunda vurğulanıb ki, Zülfüqar Hüseynzadənin adı ilə bağlı müsabiqə ənənəvi xarakter alacaq və hər il təşkil edilərək yeni qələm sahiblərinin üzə çıxmasına şərait yaradacaq.
Seçilən
14
2
moderator.az

3Mənbələr