AZ

Avropa İttifaqı okean və suların bərpası üçün 13 layihəyə 116 milyon avro ayırıb

Bakı, 24 avqust, AZƏRTAC

Avropa İttifaqı “Okean və Sular” missiyası çərçivəsində elan olunmuş son çağırışlar üzrə seçilmiş 13 layihənin maliyyələşməsi üçün 116 milyon avro ayırıb.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüslər təkcə Aİ daxilində deyil, onun hüdudlarından kənarda da okean və suların vəziyyətinə, həmçinin onlardan asılı olan icmalara geniş fayda gətirilməsi məqsədi daşıyır. Layihələr Dunay çayı, Qara, Baltik, Şimal və Aralıq dənizləri, həmçinin Atlantik və Arktika hövzələrində həyata keçiriləcək.

Layihələrin əsas istiqamətləri dənizlərdə qorunan ərazilərin mühafizəsi, Dunay hövzəsində miqrasiya edən balıqların yaşayış mühitlərinin qorunması və bərpası, balıqçılığın dəniz növlərinə və ekosistemlərinə mənfi təsirinin azaldılması, icmaların okean və suların müdafiəsinə cəlb olunması, okeanın çoxşaxəli rəqəmsal təsvirini təmin edən “Avropa Rəqəmsal Əkizi” layihəsinin inkişaf etdirilməsidir.

Bu layihələr kiçik və orta sahibkarlıq subyektləri, tədqiqat institutları, yerli idarələr, məktəblər və biznes subyektləri tərəfindən birgə həyata keçiriləcək.

Aİ-nin okean və suların mühafizəsi istiqamətində atdığı bu addım Avropa Okean Paktının prioritetlərindən biridir və davamlı gələcəyin təmin olunmasına xidmət edir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
6
3
azertag.az

4Mənbələr