Hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Qəbələ rayon sakini Cabbar Əmiraslanov "Xəzər Xəbər"ə deyib ki, bankomatın qarşısında növbədə ondan arxada dayanan şəxs sonradan onun pulunu götürüb. Həmin şəxsi aylardır axtarsa da, tapa bilmir.
Vətəndaş bildirib ki, bundan sonra banka müraciət edib. Ona deyilib ki, balansdan vəsait çıxılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli qeyd edib ki, vətəndaşın bankomatda nağdlaşdırma edərkən pulunu götürməməsi nəticəsində maddi vəsaitinin digər şəxs və ya şəxslər tərəfindən terminalda aşkarlanaraq əldə olunması ilə bağlı müraciəti daxil olub. Müraciətə əsasən, ərazi üzrə polis orqanı tərəfindən əməliyyat-texniki tədbirlər həyata keçirilir. Müvafiq qurumlara aidiyyəti üzrə sorğular göndərilib. Hazırda araşdırmalar davam etdirilir.