AZ

Prezident Formula 1 azarkeşləri üçün vizaların sadələşdirilməsi barədə sərəncam imzaladı

BAKI, 25 avqust. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar xarici ölkə vətəndaşları üçün vizaların sadələşdirilməsi barədə sərəncam imzalayıb.

Teleqraf xəbər verir, sənədə əsasən, 25 avqust – 30 sentyabr 2025-ci il tarixlərində Formula 1 yarışına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında sadələşdirilmiş qaydada viza ala biləcəklər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən hər hansı biri təqdim olunmalıdır:

Formula One Management Limited və Beynəlxalq Avtomobil Federasiyasının qaydalarına uyğun akkreditasiya kartı və ya digər təsdiqedici sənəd;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyanı təsdiq edən sənəd;

Bakıdakı Formula 1 yarışına bilet və ya biletlə bağlı təsdiqedici sənəd (o cümlədən elektron bilet).

Sərəncama görə, Xarici İşlər Nazirliyi sadələşdirilmiş viza prosedurları barədə Formula One Management Limited şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına, eləcə də xarici ölkələrin müvafiq qurumlarına məlumat verəcək. Nazirlik həmçinin bu məlumatı “ASAN Viza” sistemi vasitəsilə ictimaiyyətə təqdim edəcək və Azərbaycan səfirliklərinin rəsmi internet səhifələrində yerləşdirəcək.

Bundan başqa, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviaşirkətlərə sadələşdirilmiş viza prosedurları barədə məlumat çatdıracaq.

Seçilən
21
teleqraf.com

1Mənbələr