AZ

Kəlbəcərin qürur günü

 Prezident İlham Əliyev: “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”..

Avqustun 21-i Azərbaycan tarixinə daha bir şanlı gün kimi yazıldı. Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə etdiyi səfər təkcə dövlət başçısının bölgəyə səfəri deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, səbrinin və haqq mübarizəsinin təntənəsi idi. Prezident İlham Əliyevin Kəlbəcər səfərində yerli sakinlərlə görüşündə tarixi çıxış işğaldan azad edilən torpaqlarda həyatın bərpası və “Böyük Qayıdış” prosesinin növbəti mərhələsini rəmzləndirir. Bu səfər təkcə siyasi deyil, eyni zamanda sosial və mənəvi baxımdan böyük əhəmiyyətə malikdir.

Artıq kəlbəcərlilərin 32 illik həsrətinə son qoyuldu. Onlar öz doğma torpaqlarına qayıdırlar. Prezident İlham Əliyev çıxışında bu hadisənin xalqımızın yaddaşına həkk olunacaq bir gün olduğunu vurğuladı: “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm.” Bu sözlər yalnız Kəlbəcər sakinlərinə deyil, bütün Azərbaycan xalqına ünvanlanmış bir təbrik idi. Çünki Kəlbəcərin azadlığı Azərbaycanın bütövlüyü uğrunda aparılan ədalətli mübarizənin ən mühüm mərhələlərindən biridir.

1993-cü ildə erməni silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi minlərlə insanın doğma yurd-yuvasını tərk etməsinə səbəb olmuşdu. İllərlə dağların, meşələrin, çayların həsrətini çəkən insanlar üçün bu qayıdış sadəcə fiziki deyil, həm də mənəvi azadlıq deməkdir. Prezident İlham Əliyev çıxışında vurğuladı: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik...” Bu sözlər 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq əldə edilən zəfərin və postmüharibə dövründə həyata keçirilən bərpa və quruculuq işlərinin mənasını dərinləşdirir. Azərbaycan dövləti təkcə ərazi bütövlüyünü deyil, həm də milli ləyaqətini bərpa etmişdir.
 

Kəlbəcərin təbiəti, tarixi və iqtisadi potensialı onun ölkənin ən strateji bölgələrindən biri olduğunu təsdiqləyir. Bu baxımdan, işğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən infrastruktur layihələri, yollar, məktəblər, su elektrik stansiyaları və digər obyektlərin tikintisi, Azərbaycanın güclü və modern dövlət olduğunu göstərir. Prezidentin sözlərində xalqın iradəsinə və birliyinə xüsusi yer ayrıldı: “Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır...” İşğal dövründə xalq öz torpaqlarına, doğma yurdlarına olan inamını heç vaxt itirmədi. Hər bir azərbaycanlı 30 ildən artıq bir müddət ərzində bu həsrəti ümidlə yaşadı. Prezidentin də qeyd etdiyi kimi: “...bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.” Bu birliyə əsaslanan güc və Vətən sevgisi bizi Zəfərə aparan yolda əsas amil oldu. Ordu, xalq və dövlət arasında yaranmış bu sarsılmaz bağ artıq müstəqil Azərbaycanın simvoluna çevrilib.

Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcərdə görülən işlərlə tanış oldu və yeni layihələrin təməlini qoydu. Kəlbəcərin sosial-iqtisadi inkişafı, turizm potensialının üzə çıxarılması və əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni Kəlbəcər təkcə azad olunmuş bir şəhər deyil, həm də müasir, dayanıqlı və yaşıl infrastrukturun tətbiq olunduğu, gələcəyə baxan bir model bölgəyə çevrilməkdədir. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, Kəlbəcər artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilməkdədir. Bu, sadəcə təbiətin gözəlliyinə deyil, burada aparılan irimiqyaslı tikinti və bərpa işlərinə, yeni yaradılan infrastruktur və şəhərsalma planlarına verilmiş qiymətdir. “Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.”
İllərdir həsrətlə gözlənilən bu gün artıq reallığa çevrilib. Müasir tələblərə cavab verən yeni yaşayış kompleksləri, su, işıq, təbii qaz, yollar, məktəblər və sosial infrastruktur – bütün bunlar Kəlbəcərin tezliklə inkişaf etmiş, cazibədar bir şəhərə çevriləcəyinin göstəricisidir. Prezidentin çıxışında yer alan əsas məsələlərdən biri də “Böyük Qayıdış” Proqramının konkret mərhələlərə keçməsidir. Artıq ilk yaşayış kompleksinə köçlər başlayıb, yaxın gələcəkdə isə daha minlərlə kəlbəcərlinin öz doğma yurduna qayıdışı təmin ediləcək: “Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.” Bu fakt, təkcə məcburi köçkünlərin öz doğma evlərinə qayıtması deyil, eyni zamanda Azərbaycanın postmüharibə dövründə apardığı sosial siyasətin, planlı və ardıcıl həyata keçirilən dövlət proqramlarının real nəticəsidir.

Çıxışda vurğulanan digər mühüm məqam isə təhsil və gənc nəslin gələcəyinə göstərilən diqqətdir. Prezident bildirdi ki, artıq Kəlbəcərdə müasir məktəb binasının tikintisi gedir və gələn ildən istifadəyə veriləcək. Bu müddətdə isə uşaqlar modul tipli məktəbdə təhsillərini davam etdirəcəklər. “İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.” Bu addım, yalnız təhsil infrastrukturunun inkişafı deyil, eyni zamanda bölgəyə həyatın qayıtdığını, gələcək nəslin doğma torpağında yetişəcəyini göstərir.

Prezidentin çıxışında toxunduğu əsas hissələrdən biri də xalqın çəkdiyi ağrılı illər və bunun qarşılığında qazandığı qürurlu qayıdış idi: “Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə – çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda – müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub.” Bu sözlər təkcə bir siyasi liderin fikri deyil, bir xalqın mübarizəsini, səbirlə gözlədiyi ədalətin təntənəsini əks etdirir. Prezident bu çıxışı ilə yalnız qələbənin deyil, həm də sosial ədalətin, dövlət qayğısının və xalqla həmrəyliyin təcəssümünü təqdim etdi.

Prezident İlham Əliyevin Kəlbəcərə avqust səfəri göstərdi ki, işğaldan azad edilən ərazilərdə bərpa prosesi təkcə fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır – bu həm də milli kimliyin, mədəniyyətin, tarixə bağlılığın yenidən qurulmasıdır. Bu gün Kəlbəcərdə həyat qayıdır. Gələcək nəsillər bu günü sadəcə bir tarixi hadisə kimi deyil, həm də Vətənin yenidən doğulduğu gün kimi xatırlayacaq.
 
Səyavuş Qasımov - Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
 

Seçilən
35
3
poliqon.info

4Mənbələr