Ukrayna və Kanada arasında müdafiə məhsullarının birgə istehsalı ilə bağlı saziş imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmiqal özünün “Telegram” kanalında paylaşım edib.
Bildirilib ki, müvafiq sazişi Denis Şmiqal və Kanada milli müdafiə naziri Devid Makqinti imzalayıblar. İmza mərasimində Ukrayna prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni də iştirak ediblər.
Bu saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsini, Ukrayna və Kanadada yeni istehsal güclərinin yaradılmasını və mövcud olanların genişləndirilməsini, həmçinin müdafiə məhsullarının dayanıqlığını və fasiləsiz tədarükünü təmin etməyi hədəfləyir.
“Vacibdir ki, bu günkü razılaşmalar yalnız Ukrayna şirkətlərinin Kanadada fəaliyyət göstərməsini asanlaşdırmayacaq və texnologiya mübadiləsini təşviq etməyəcək, həm də uzunmüddətli perspektivdə Ukrayna Silahlı Qüvvələrini müasir silah və hərbi texnika ilə təmin etməyə kömək edəcək. Bu, bizim dayanıqlılığımızı və Rusiya təhdidinə qarşı müqavimət qabiliyyətimizi əhəmiyyətli dərəcədə gücləndirəcək”, – deyə paylaşımda qeyd olunub.