Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ankara, 25 avqust, AZƏRTAC
Qars ilə Naxçıvan arasında 224 kilometrlik dəmir yolunun çəkilməsi Türkiyənin Azərbaycana yeni “körpü” salmasına imkan verəcək ki, bu da regional əməkdaşlıq və inkişaf üçün güclü stimul olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 25-də Türkiyənin “Sabah” qəzetində dərc olunmuş məqalədə deyilir.
Nəşr yeni dəmir yolunun ölkənin müxtəlif regionlarının, o cümlədən Cənub-Şərqi Anadolu və Türkiyənin Aralıq dənizi zolağının inkişafına güclü təkan verəcəyini qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyinə diqqət çəkir.
“Sabah” qəzeti qeyd edir ki, Zəngəzur dəhlizinin tezliklə açılması Orta Dəhlizin səmərəliliyini artıracaq, proqnozlara görə, 2030-cu ilə qədər bu istiqamətdə yükdaşımaların həcmi 2021-ci ilə nisbətən 3 dəfə çox olacaq.
“Türkiyə Azərbaycana və Mərkəzi Asiya ölkələrinə yeni çıxış əldə edəcək, beləliklə, hasilat, yükdaşıma və ixrac həcmi artacaq. Zəngəzur dəhlizi boyunca boru kəmərləri və fiber-optik kabellər çəkiləcək”.
Məqalədə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafına da təkan verəcəyinə diqqət yetirilir. “Naxçıvan Muxtar Respublikasını təcrid etmək cəhdlərinə son qoyulacaq, bu muxtariyyətə İran üzərindən daşımalar azalacaq, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq güclənəcək”, -deyə nəşr yazır.
Bununla yanaşı, məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizi Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşmasına da töhfə verəcək. “Sabah” yekunda qeyd edir ki, Ermənistan yeni sərmayələr cəlb edə və məhsul tədarükü bazarlarını şaxələndirə biləcək. Həmçinin gələcəkdə Zəngəzur dəhlizinin açılmasından əldə olunacaq iqtisadi dividendlər milyardlarla dollar həcmində qiymətləndirilə bilər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.