Prezident İlham Əliyev ölkədə fiskal siyasətin təkmilləşdirilməsi və dövlət maliyyəsinin idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı yeni fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyi tərəfindən ölkənin büdcə, vergi, gömrük, dövlət rüsumları, dividendlər, mühasibat uçotu, dövlət maliyyə nəzarəti və dövlət xəzinədarlığı sahələrində səmərəliliyin artırılması məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılacaq.
Fərmanın əsas məqsədləri:
Dövlət büdcəsi gəlir mənbələrinin təkmilləşdirilməsi;
Büdcə xərclərinin optimallaşdırılması;
Rəqəmsal nəzarət və hesabatlılıq mexanizmlərinin qurulması;
Maliyyə intizamının gücləndirilməsi;
Dövlət müəssisələrinin və publik hüquqi şəxslərin maliyyə fəaliyyətinin şəffaflaşdırılması.
Fərmanla müəyyən edilir ki:
Maliyyə Nazirliyi 3 ay müddətində yeni informasiya sisteminin əsasnaməsini və digər müvafiq sənədləri hazırlayıb Prezidentə təqdim etməlidir;
2026-cı ildən etibarən dövlət qurumlarının büdcə layihələrinin monitorinqi həyata keçiriləcək və nəticələr Prezidentə təqdim olunacaq;
Büdcədən ayrılan vəsaitlərin istifadə prosesinə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən nəzarət gücləndiriləcək;
Satınalmalar elektron müqavilələr əsasında icra olunacaq;
Dövlət investisiya layihələrinə maliyyə ekspertizası tətbiq ediləcək;
Büdcədənkənar fondlar, publik hüquqi şəxslər və dövlət şirkətlərinin vəsaitlərinə nəzarət artırılacaq;
Dövlət xərclərinə dair normativlərin təkmilləşdirilməsi üzrə tədbirlər görüləcək.
Fərmanda həmçinin Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, və Azərbaycan Mərkəzi Bankına müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda Maliyyə Nazirliyinin əsasnaməsində müvafiq dəyişiklik olunaraq, onun səlahiyyətlərinə “dövlət mülkiyyətində olan və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin dividendləri və digər büdcə daxilolmaları” ilə bağlı məsələlər də əlavə edilib.