Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında Türkmənbaşı şəhərində baş tutan yüksək səviyyəli görüş zamanı imzalanan sənədlər regionun geoiqtisadi konturlarını dəyişmək potensialına malik olmaqla sistemli əməkdaşlığın əsasını qoydu. Bu razılaşmalar həm ikitərəfli, həm də üçtərəfli formatda Türk dünyası ölkələrinin enerji, nəqliyyat, logistika, şəhərsalma və mədəni sahələrdə institusional əməkdaşlığa keçidini göstərir.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan ortaq geoiqtisadi məkana çevrilmək yolunda irəliləyirlər. Nəqliyyat və logistika sahəsində birgə infrastrukturun qurulması, marşrutların inteqrasiyası və liman imkanlarının qarşılıqlı istifadəsi prioritet sahələr kimi müəyyən olunub. Regionun əsas nəqliyyat arteriyaları olan Türkmənbaşı və Bakı limanları Orta Dəhlizin effektivliyinin artırılması üçün strateji qovşaqlara çevrilir. Bu yanaşma təkcə yükdaşımaları deyil, həm də Avrasiya miqyasında rəqabətli tranzit platformasının formalaşdırılmasını hədəfləyir.
Zirvə çərçivəsində imzalanan “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı” üçtərəfli tərəfdaşlığın siyasi iradəsini və uzunmüddətli regional əməkdaşlıq perspektivlərini müəyyən edir. Bu sənəd üç Türk dövlətinin təkcə mədəni ortaq dəyərlər üzərində deyil, eyni zamanda iqtisadi və infrastruktur layihələri əsasında inteqrasiya prosesinə keçdiyini nümayiş etdirir.
Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu” iki ölkə arasında hava nəqliyyatı infrastrukturunun inkişafını və aviauçuşların genişləndirilməsini nəzərdə tutur. Bu həm turizm, həm də işgüzar səfərlər üçün əlverişli mühit yaradaraq nəqliyyat əlaqələrinin səmərəliliyini artıracaq.

Ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyaları, birgə istehsal imkanlarının genişləndirilməsi, eləcə də enerji sektorunda yeni layihələrin nəzərdən keçirilməsi ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirəcək.
Azərbaycan və Türkmənistan arasında imzalanan “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” Qarabağın bərpası kontekstində simvolik və strateji əhəmiyyət daşıyır.
Üç ölkə arasında imzalanan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” isə Orta Dəhlizin və Transxəzər yükdaşımalarının koordinasiyası üçün mühüm çərçivədir.
Liderlər bir daha vurğuladılar ki, praktiki “Yol Xəritəsi” hazırlanacaq və bu sənəd əsasında müvafiq nazirliklər tərəfindən əlaqələndirilmiş tədbirlər həyata keçiriləcək.
Nəticə etibarilə, Türkmənbaşı Zirvəsi yalnız üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində real iqtisadi inteqrasiyanın təməlinin qoyulması baxımından strateji əhəmiyyətə malikdir. Bu zirvə Türk coğrafiyasında regional sabitlik, dayanıqlı inkişaf və nəqliyyat-tranzit dəhlizlərinin inteqrasiyası baxımından yeni mərhələnin başlanğıcını ifadə edir.