AZ

Laçın şəhəri günü – siyasi iradə və milli birliyin təntənəsi



Azərbaycan xalqı üçün hər bir qələbə günü milli tariximizin parlaq səhifələrini təşkil edir. Bu günlərdən biri də 26 avqust – Laçın şəhəri günüdür. Bu tarix yalnız bir şəhərin işğaldan azad olunmasının deyil, həm də Azərbaycan dövlətinin qətiyyətinin, siyasi iradəsinin və suverenliyinin təntənəsidir. 1992-ci ilin 18 mayında Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal nəticəsində on minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr Bəyanatına əsasən Laçın rayonu 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri müvəqqəti olaraq sülhməramlıların nəzarətində qaldı. 2022-ci il 26 avqust tarixində Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, eyni zamanda Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Beləliklə, Laçın tam şəkildə Azərbaycan dövlət suverenliyinə qovuşdu. Bu gün təkcə hərbi-strateji qələbə deyil, həm də böyük siyasi uğur kimi tarixə düşdü. Azərbaycan bütün dünyaya göstərdi ki, ərazi bütövlüyünün bərpası məsələsində güzəşt yoxdur və olmayacaq. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə 26 avqust – Laçın şəhəri günü təsis olundu. Bu qərar Laçının azad olunmasının milli təqvimdə əbədi qeyd olunmasını təmin etdi. Bu gün həm də “Böyük Qayıdış” proqramının rəmzidir – artıq sakinlər doğma yurda dönür, yeni evlər, məktəblər, sosial obyektlər inşa edilir, Laçın daha müasir və güclü bir simada dirçəlir. Laçın Qafqazın mühüm nəqliyyat qovşağıdır və ölkənin təhlükəsizlik arxitekturasında xüsusi rol oynayır. Laçın şəhəri günü isə sadəcə bir tarix deyil – o, xalqın iradəsinin, dövlətin gücünün və ədalətin təntənəsinin rəmzidir. 26 avqust Azərbaycan tarixində əbədi olaraq qürur günü kimi qalacaq.

Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının fəalı



Seçilən
22
aia.az

1Mənbələr