Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Son dövrlər Tehranla Bakı arasında aparılan danışıqlar belə qənaətə gəlməyə əsas verir ki, İran birmənalı şəkildə Zəngəzur dəhlizinin qarşısında dayanmaq əzmində deyil. Onun bu məsələdə təsiri məhduddur və çox vaxt dolayı xarakter daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov deyib.
Ekspert vurğulayıb ki, İranın Zəngəzur dəhlizinə yanaşmasında iki əsas ziddiyyətli faktor diqqəti cəlb edir:
"Bir tərəfdən Tehran bu layihəni bölgədəki geosiyasi balansın dəyişməsi baxımından izləyir. Digər tərəfdən isə iqtisadi baxımdan müəyyən imkanları da nəzərdən qaçırmır. Çünki dəhlizin reallaşması Cənubi Qafqazda yeni ticarət marşrutlarının açılmasına səbəb ola bilər. İran bu prosesdən tamamilə kənarda qalsa, özünün tranzit potensialını itirmək riski ilə üz-üzə qalacaq".
Azər Hüseynov bildirib ki, Tehran üçün təhlükə dəhlizin açılması deyil, Qərbin bölgəyə gəlməsi narahatlıq doğurur:
"İran rəsmiləri dəfələrlə bildirib ki, əsas məsələ "dəhlizin xarici qüvvələr üçün platformaya çevrilməməsi"dir. Yəni Tehran üçün təhlükə dəhlizin açılması yox, daha çox onun vasitəsilə ABŞ və Qərbin bölgədə hərbi-siyasi mövcudluğunu artırmasıdır. Bir sözlə, İranın dəhlizlə bağlı mövqeyi daha çox təhlükənin qarşısını almaq və proseslərdən tam kənarda qalmamaq siyasəti üzərində qurulub. Tehran bir tərəfdən ABŞ-ın bölgəyə daxil olmasından ehtiyat edir, digər tərəfdən isə Azərbaycan və Ermənistan arasında danışıqlara müəyyən qədər uyğunlaşaraq öz maraqlarını qorumağa çalışır. İranın əsas məqsədi bu dəhlizin geosiyasi balansı dəyişdirməməsi və öz tranzit üstünlüklərinin tamamilə itirilməməsidir".
Konfliktoloqun fikrincə, burada digər vacib məqam Ermənistan faktorudur:
"Zəngəzur dəhlizinin açılması Ermənistanın siyasi iradəsindən asılıdır. İrəvanın daxili siyasətində Rusiya, Qərb və İran təsirləri arasında balans axtarışı davam edir. Hazırda Ermənistan hökuməti Qərbə yaxınlaşmağa çalışsa da, ölkə daxilində hələ də güclü rusiyameyilli qüvvələr mövcuddur. Bu isə hər hansı ciddi qərarların qəbulunu çətinləşdirir. İran isə Ermənistan üzərində birbaşa təsir imkanlarına malik deyil, sadəcə diplomatik kanallar vasitəsilə mövqeyini ifadə edir. Ermənistanda yerləşən 102-ci hərbi baza, həmçinin siyasi dairələrdəki təsir imkanları Rusiyanın məsələdə əsas oyunçu olduğunu göstərir".
Qeyd edək ki, İranın ali dii lideri Xameneinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti növbəti dəfə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış edərək, Moskvanın Tehrana qoşulub-qoşulmamasından asılı olmayaraq, ölkəsinin Qafqaz regionunda Amerika dəhlizinin yaradılmasına mane olmaqda davam edəcəyini bildirib.
Rüfət Sultan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.