Özbəkistan Xəzər dənizində yüklərin daşınması üçün Azərbaycan və Türkmənistandan bərə gəmilər almaq imkanını nəzərdən keçirir.
Hafta.az-ın yazdığına görə, bu barədə “Özbəkistan 24” telekanalına müsahibəsində bu ölkənin nəqliyyat naziri İlhom Mahkamov bildirib.
Onun sözlərinə görə, adıçəkilən ölkələrdəki gəmiqayırma zavodlarından alınacaq gəmilərdən Xəzər dənizində yükdaşımalarda istifadə edilməsi planlaşdırılır.
Qeyd olunub ki, Türkmənistanda keçirilən üçtərəfli sammitdə prezident Şavkat Mirziyoyev əsas məsələlərin ekspertlər səviyyəsində işlənməsini təklif edib. Prioritetlər sırasında o, müasir logistika infrastrukturunun yaradılması, Bakı və Türkmənbaşı limanlarının inkişaf etdirilməsi, razılaşdırılmış tarif siyasətinin hazırlanması, eləcə də nəqliyyat prosedurlarının rəqəmsallaşdırılmasını qeyd olunub.
Dövlət başçısı həmçinin biznesin əsas bazarlara ən qısa və sərfəli çıxışını təmin etmək məqsədilə yükdaşıma tariflərini qarşılıqlı şəkildə aşağı salmağa hazır olduğunu bildirib.