Zülfüqarov Ülvi Vaqif oğlu 2001-ci ildə ali məktəblərə qəbul imtahanlarında ən yüksək göstəricilər sırasında olmaqla Prezident təqaüdünə layiq görülüb.
O, ali məktəbə qəbul imtahanında 691,25 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2005-ci ildə həmin fakültənin bakalavr pilləsini, 2008-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2009-cu ildən gömrük orqanlarında xidmətə başlayıb. Yeni vəzifəyə təyin edilənədək Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi olub.
2001-ci ildə Prezident Administrasiyasının binasında Ulu öndər Heydər Əliyevin yüksək bal toplayan tələbələrlə görüş olub. Həmin görüşdü Ülvi Zülfüqarov da iştirak edib.
Həmin dövrdə Ülvi Zülfüqarovun atası Vaqif Zülfüqarov da Ulu Öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı Şahbuz rayonunun Kolanı kəndində görüşü zamanı Ümumilli Liderə şəxsən təşəkkürünü bildirib. Onların aralarında maraqlı dialoq olub.
Ölkə.az referans.az-a istinadən həmin dialoqu təqdim edir:
Ülvi Zülfüqarovun atası: Siz ona o cür etibar etmisiniz, xeyir-dua vermisiniz... Hörmətli Prezident inanın ki, biz onun maddi tərəfini götürmürük. Biz bunu sadəcə onun gələcək həyatına xeyir-dua kimi başa düşürük. Buna görə də onu heç bir şeylə əvəz etmək olmaz. İnşaallah sizin etimadınızı doğruldacaq.
Heydər Əliyev: Sağ ol, çox sağ ol.
Ülvi Zülfüqarovun atası: Diqqətinizə görə, çox sağ olun.
Heydər Əliyev: Mən çox mənnunam sənin bu sözlərindən ona görə yox ki, sən təşəkkür edirsən. Ona görə ki, bax belə bir kənddə gənc böyüyüb və gəlib imtahan verib, fərqlənib və mənim də xüsusi təqaüdümün alınmasına nail olub. Amma indi sən bunları mənə danışanda mən indi xatırlayıram və bunun nə qədər qiymətli olduğunu bir daha dərk edirəm.