AZ

Ürək cərrahı 3 səssiz qatili açıqladı: İnfarkt və insultun gizli səbəbləri

Ürək xəstəlikləri və infarktlar dünyada ölümün aparıcı səbəblərindən biridir. Hər il təxminən 17,9 milyon insan ürək-damar xəstəliklərindən həyatını itirir. Bu problemlərin əsas tetikleyiciləri arasında həyat tərzi ilə bağlı amillər xüsusi rol oynayır.

E-saglam.az xəbər verir ki, ürək-damar cərrahı Dr. Ceremi London ürək sağlamlığını təhlükəyə atan üç böyük risk faktorunu açıqlayıb.

1. Piylənmə

Piylənmə ürək xəstəliklərinin inkişafında mühüm rol oynayır. Çox vaxt yüksək qan təzyiqi, diabet, insulin müqaviməti və xolesterol artımı ilə müşayiət olunur. Bu faktorlar damarlara zərər verir və ürəyin iş yükünü artırır.

2024-cü ildə aparılan araşdırmaya görə, ABŞ-da piylənmə ilə əlaqədar ürək xəstəliklərindən ölüm halları 1999–2020-ci illər arasında 180% artıb. Bu isə piylənmənin nə qədər təhlükəli olduğunu göstərir.

Mütəxəssislər sağlam qidalanma, müntəzəm hərəkətlilik və həkim nəzarətini ürək xəstəliklərinin qarşısını almağın əsas yolları kimi göstərirlər.

2. Oturaq həyat tərzi

Müasir həyatın ən böyük təhlükələrindən biri də uzun müddət hərəkətsiz qalmaqdır. “Oturmaq yeni siqaretdir” ifadəsi təsadüfi deyil.

2024-cü ildə edilən araşdırma göstərib ki, gündə 10 saatdan çox oturan insanlarda, hətta müntəzəm idman edənlərdə belə, ürək-damar xəstəlikləri və ölüm riski artır.

Tədqiqatçılar bildirirlər ki, fiziki aktivlik oturaq həyatın mənfi təsirlərini tam aradan qaldıra bilmir. Buna görə də oturmaq vaxtını azaltmaq vacibdir.

3. Siqaret çəkmək

Dr. Londonun sözlərinə görə, siqaret ürək üçün ən zərərli vərdişdir:

“Siqaret bədənə edə biləcəyiniz ən pis şeydir. O, ağciyərlərə və bütün damar sisteminə zərər verir, ürək xəstəliyinin ən ciddi səbəblərindəndir”.

2021-ci ildə aparılan araşdırma siqaret çəkənlərin ağciyər xərçəngindən çox, ürək xəstəliklərindən öldüyünü göstərib. Ən təhlükəlisi isə odur ki, siqaretin zərəri çox vaxt gizli gedir və xəstəliyin ilk əlaməti qəfil ölüm ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr