Qəbizlik həyat keyfiyyətini ciddi şəkildə azalda bilən bağırsaq pozğunluqlarından biridir. Mütəxəssislər bildirirlər ki, kivini gündə iki dəfə istehlak etmək bağırsaq sağlamlığını bərpa etməyə və qəbizliyin qarşısını almağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, qış aylarının sevilən meyvəsi olan kivi, zəngin lif tərkibi ilə həzmi gücləndirir. Harvard və Stanford təhsilli qastroenteroloq Dr. Saurabh Sethi bildirib ki, kivinin tərkibindəki xüsusi lif növü nəcisə su çəkərək bağırsaq hərəkətlərini asanlaşdırır və nizamlayır. Bu xüsusiyyət sayəsində kivi qəbizliyi təbii yolla aradan qaldırır.
Mütəxəssis həmçinin vurğulayıb ki, kivi İrritabl Bağırsaq Sindromu (İBS) xəstələri üçün də uyğundur. Çünki bir çox meyvə yüksək FODMAP şəkərləri səbəbindən şişkinlik yaradır, lakin kivinin aşağı FODMAP xüsusiyyəti bu riski azaldır.
Bağırsaq hərəkətliliyini artırır
Bir kivinin tərkibində orta hesabla 2–3 qram lif var. Bu miqdar bağırsaq hərəkətliliyini gücləndirir, nəcisin tutarlılığını yaxşılaşdırır. Üstəlik, kivinin tərkibindəki aktinidin adlı ferment zülalların parçalanmasına kömək edir. Bu isə xüsusilə ət və süd məhsullarından sonra həzmi asanlaşdırır.
Gündə iki kivi kifayətdir
Elmi araşdırmalar göstərir ki, gündə iki kivi yemək bir neçə həftə ərzində qəbizlik əlamətlərini əhəmiyyətli dərəcədə azaldır. Hətta bəzi tədqiqatlar kivi istehlakının lif əlavələrindən daha təsirli ola biləcəyini ortaya qoyub.
Dr. Sethi deyir:
"Çox insan qəbizliyə görə lif tozlarına və ya həblərə müraciət edir. Halbuki heç bir qatqısı olmayan təbii kivi bu əlavələr qədər təsirli, bəzi hallarda isə onlardan daha təsirlidir".
Tərcümə: Könül Oruc
E-saglam.az