AZ

İran son diplomatik döyüşə gedir – SON ŞANS

Sabah Cenevrədə İranla İngiltərə, Fransa, Almaniya arasında nüvə danışıqlarının növbəti mərhələsi keçirəcək.

Hələ rəsmi təsdiq yoxdur, amma İran mediası görüşün xarici işlər nazirlərinin müavinləri səviyyəsində təşkil olunacağını bildirir. İrana verilən vaxt isə daralır. 3 Avropa ölkəsi 1 həftədən az müddət qaldığını xatırladaraq, İran diplomatik həll tapmasa, tətik mexanizmini işə salmağa hazır olduqlarını açıqlayıblar. Bu mexanizm BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulub və beynəlxalq sanksiyaların avtomatik bərpasına imkan verir. Görüş, ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücum etdiyi 12 günlük müharibədən sonra keçirilir. Tehran bu müddət ərzində Vaşinqtonla danışıqları dayandırıb, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı məhdudlaşdıran qanun qəbul edib. Avropa isə İranın ABŞ-la dialoqa hazır olmasını gözləyir. Avropa Birliyinin xarici siyasət rəhbəri Kaia Kalas deyib: “Tətikləmə mexanizminin son tarixi yaxınlaşır, İranın hərəkətləri kritikdir”.

İranın ali dini lideri Ayətullah Əli Xamenei isə ABŞ-la problemlərin “həll olunmaz” olduğunu və birbaşa danışıqları “mövhumatçı” şəxslərin irəli sürdüyünü bəyan edib.

Cenevrədəki görüş, JCPOA sazişinin gələcəyi və İranın nüvə proqramının beynəlxalq nəzarətə qayıdıb-qayıtmayacağı üçün son şans hesab olunur. Bir neçə gün sonra hər şey aydın olacaq: diplomatiya qalib gələcək, yoxsa tətik mexanizmi işə düşəcək.
Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Cenevrədə sabah keçiriləcək nüvə danışıqları sadə bir görüş olmayacaq: “Sazişinin taleyi, İranın nüvə proqramının beynəlxalq nəzarətə qayıdıb-qayıtmayacağı və bütün regionda təhlükəsizlik balansının qorunub-qorunmayacağı baxımından kritik bir mərhələdir. Burada bir neçə əsas faktor diqqəti cəlb edir. Birincisi, zaman amili var. Avropa tərəfi 1 həftədən az vaxt qaldığını vurğulayaraq, İranın diplomatik həll yoluna getməməsi halında tətik mexanizmini işə salmağa hazır olduğunu bəyan edib. Bu mexanizm beynəlxalq sanksiyaların avtomatik bərpasına yol açır. Vaxtın daralması diplomatiyanın təzyiq və taktika oyununu daha da kəskinləşdirir. İkincisi, İranda müharibə sonrası vəziyyətin gərgin olması məsələsi var. ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücum etdiyi 12 günlük müharibə Tehran-Avropa dialoqunu bir müddət dayandırıb. İran parlamenti isə MAQATE müfəttişlərinin ölkəyə girişini məhdudlaşdıran qanun qəbul edib ki, bu da İranın mövqeyini gücləndirən, amma eyni zamanda dialoqu çətinləşdirən addımdır. Bu, bir tərəfdən təhlükəsizlik strategiyası, digər tərəfdən isə diplomatik “kart oyunu”dur”.

Politoloq qeyd edib ki, Ayətullah Əli Xameneinin ABŞ-la birbaşa dialoqun “mövhumatçıların” tövsiyəsi olduğunu bəyan etməsi, ABŞ-ın regiondakı hərəkətlərinə qarşı ideoloji və siyasi mövqe kimi qəbul edilməlidir: “Lakin Avropa tərəfi üçün əsas sual İranın dialoqa hazır olub-olmamasıdır. Kaia Kalasın vurğuladığı kimi, tətik mexanizminin yaxınlaşan son tarixi bütün strateji seçimləri kritik edir. İngiltərə, Fransa və Almaniya ABŞ, Çin və Rusiya ilə birlikdə İranla JCPOA sazişini imzalayıb. Lakin Tramp dövründə ABŞ sazişdən çıxaraq əlavə sanksiyalar tətbiq edib. Bu, İranın Avropaya, Avropanın isə Vaşinqtona qarşı münasibətini bir qədər də mürəkkəbləşdirib. Hər bir addım həm siyasi, həm hüquqi, həm də diplomatik “effekt zənciri” yaradır. Nəticə etibarilə, Cenevrədəki görüş sadəcə masada sənəd imzalamaq olmayacaq. Bu, bir tərəfdən beynəlxalq hüququn, digər tərəfdən isə regionun təhlükəsizlik maraqlarının incə balansını qorumaq üçün diplomatik sınaqdır. İranın mövqeyi və Avropa tərəfinin təzyiqi bir-birinə qarşılıqlı təsir göstərir və hər an nəticələr dramatik ola bilər. Buradakı mühüm məqam budur ki, diplomatiya sadə bir dialoq deyil, bu, strateji təzyiq, vaxtın daralması və region təhlükəsizliyinin incə balansı üzərində qurulmuş mürəkkəb bir oyundur. Cenevrədəki görüş, diplomatiyanın son şansı, tətik mexanizminin isə gözlənən “son xəbərdarlıq” ola bilər”.

Musavat.com

Seçilən
6
1
editor.az

2Mənbələr