İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk məzunlarının hər biri tələbə adını qazanıb. Belə ki, kənd məktəbindən 3 şagird məzun olub və onların hər biri universitetə qəbul olunub.
AzEdu.az bu münasibətlə tələbə adını qazanmış məzunlarla əlaqə saxlayıb təəssüratlarını öyrənib.
Məktəbin məzunu Pəri Muradlı Azərbaycan Dillər Universitetinə qəbul olub:
“Buraxılış imtahanından 191, qəbul imtahanından isə 251 bal olmaqla ümumilikdə 442 bal toplamışam. Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dil müəllimliyi (alman dili üzrə) ixtisasına qəbul olmuşam. Uşaqlıq illərimdən ADU-nun tələbəsi olmağı arzulamışam. Uzun müddət Almaniyada yaşadığım üçün alman dilini yaxşı bilirəm.
Evdə əyləşib telefona baxırdım. İş nömrəmi bibimə göndərmişdim. Birdən bibimin mənə zəng etdiyini gördüm. Zəngi açan kimi mənə universitetə qəbul olduğumu dedi. Yəni bu şad xəbəri bibimdən almışam. Eşidən kimi çox sevindim. Daha sonra sevincimi valideynlərimlə bölüşdüm. Onlar da çox sevindilər. Demək olar ki, heç axşam yatmamışdıq.
Özüm Laçınlıyam və keçən ildən etibarən Laçına köçmüşük.
Düşünürəm ki, insan özünə hər zaman vaxt ayırmalıdır. Tövsiyə edirəm ki, çox çalışmaq lazımdır. Gələcəkdə ata-baba torpağımız olan Laçında müəllim kimi fəaliyyət göstərmək istəyərəm”.
Ayşən Atakişiyeva qeyd edib ki, Laçının ilk tələbələri sırasında olmaq fəxrdir:
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin (Şəki filialı) İngilis dili müəllimliyi ixtisasına qəbul olmuşam. Buraxılış imtahanından 191, qəbuldan isə 255 bal toplamaqla ümumilikdə 447 bal yığmışam. İstədiyim universitet və ixtisasa qəbul olunmuşam. İngilis dili müəllimliyini çox bəyənirəm.
İlk olaraq xalam mənə zəng edib dedi ki, ixtisas seçiminin cavabları çıxıb, iş nömrəni göndər. Mən də göndərdim. Təxminən 5-10 dəqiqədən sonra ali məktəbə qəbul olduğumu mənə söylədi. Bu şad xəbəri ailə üzvlərimlə birlikdə aldım. Tələbə adını qazandığım üçün çox sevindim.
Bir laçınlı olaraq, uzun illərdən sonra doğma torpağın ilk məzunu olduğum üçün çox qürurluyam. Laçının ilk tələbələri sırasında olmaq mənim üçün böyük fəxrdir”.
Muradzadə Nihad Oqtay oğlu bildirib ki,o, Bakı Slavyan Universitetinə qəbul olub:
“Bakı Slavyan Universitetinin Alman (Azərbaycan dili) tərcümə ixtisasına qəbul olmuşam. Buraxılış imtahanından 165, qəbul imtahanından isə 242 bal olmaqla ümumilikdə 407 bal toplamışam. İxtisas seçimi nəticələrim elan olunanda bu xəbəri ilk dəfə anamla bölüşdüm.
Əslində, xəyalım tarix müəllimi olmaq idi. Buna görə bir qədər məyus oldum. Amma sonradan tərcümə ixtisasının və alman dilinin perspektivlərini araşdırdım və bu sahəni sevməyə başladım.
Gələcəkdə, xüsusilə Almaniyada magistratura təhsili almaq istəyirəm".