Sverdlovsk “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının həbsdə olan sədri, 1 saylı İstintaq Təcridxanasında birnəfərlik kamerada saxlanılan Şahin Şıxlinski onun yanına kamera yoldaşı salınmasını istəyib.
“Unikal” xəbər verir ki, bu barədə regional ictimai monitorinq komissiyasının sədri Vladimir Popov açıqlayıb.
Məlumata görə, Şıxlinski Popova qaldığı yer barədə şikayət edib. O deyib ki, “toyuq hini boyda daxma” kimi təkadamlıq kamerada oturub. Bu kamera təmir edilsə də, onun boyda kişi üçün son dərəcə kiçikdir. Azərbaycan diasporunun rəhbəri xəstələndiyini və təcili yardıma ehtiyacı ola biləcəyini, bu səbəbdən lazım gəldikdə həkim çağıra biləcək kamera yoldaşına ehtiyacı olduğunu bildirib.
“O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an təcili tibbi yardım lazım ola bilər. Arzuolunandır ki, Şıxlinskinin kamerası təkadamlıq olmasın və yanında bir məhbus da olsun ki, lazım gəldikdə həyəcan qaldırıb həkimləri çağırsın”, – deyə Popov izah edib.
Komissiya üzvləri vəziyyət barədə Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovaya məlumat veriblər. Hüquq müdafiəçiləri bu problemi, həmçinin Penitensiar Xidmətin rəhbərliyinə də çatdıracaqlar.
Qeyd edək ki, Şahin Şıxlinski avqustun əvvəlində Moskvada saxlanılıb. Qeyri-rəsmi məlumata görə, o, guya Azərbaycan səfirliyində gizlənirmiş. İlkin məlumata əsasən, ona qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb. Şıxlinski isə özünü təqsirli saymadığını bildirir.