AZ

Azərbaycanda pensiyaçı və sosial müavinətlərin vəziyyəti – 1 iyul 2025

Bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1101,0 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 64,6 faizi yaşa, 23 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 538,1 manat təşkil edib və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli Sərəncamına əsasən 2025-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.

  • Yasa görə müavinət alanlar: 166,2 min (ötən ilin iyulun 1-i: 152,1 min)
  • Əlilliyə görə: 42,1 min nəfəri əlilliyi olan uşaqlar olmaqla cəmi 221,2 min (müvafiq olaraq 44,0 min və 219,2 min)
  • Ailə başçısını itirməyə görə: 52,1 min (54,5 min)
  • Digər müavinət növləri: 22,9 min (22,6 min)

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 167 nəfər qəyyumuna aylıq müavinət verilib. Habelə, Şəhid ailələri, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslər, müddətli hərbi xidmət qulluqçularının 4 min ailəsi və 5,9 min uşaq üçün aylıq müavinət ödənilib.

Bundan əlavə:

  • 3215 nəfər bir yaşınadək uşağı olan 3120 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən əlilliyi olan 32 uşağa görə 31 ailəyə
  • Beşdən çox uşağı olan 2,8 min qadına 12,8 min uşaq üçün sosial müavinət
  • Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə kompensasiya

2025-ci ilin altı ayı ərzində:

  • 18 min ailəyə 18,7 min uşağın anadan olmasına görə
  • Radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün
  • 3,4 min nəfərə dəfn üçün
  • Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2,8 min nəfərə birdəfəlik müavinətlər

2025-ci il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb, bir nəfərə düşən orta aylıq məbləğ 100,37 manat təşkil edib.

Müxtəlif kateqoriyadan olan 403,3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Fuad Mədətov
Finss.az

Seçilən
275
12
fins.az

10Mənbələr