AZ

Ukraynanın uzunmənzilli “Long Neptune” raketi ictimaiyyətə təqdim olunub

Ukraynanın R-360 “Neptune” qanadlı raketinin “Long Neptune” adlandırılan uzunmənzilli versiyası ictimaiyyətə təqdim edilib.

“Poliqon” “Defense Express”ə istinadən xəbər verir ki, 2025-ci ilin mart ayında sınaqdan keçirilən bu raket 1000 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

“Long Neptune” versiyasının hazırlanması 2023-cü ilin noyabrından ictimaiyyətə məlum olsa da, raketin heç bir təsviri indiyədək üzə çıxmamışdı. Lakin Ukraynanın Müstəqillik Günü münasibətilə “Zbroia” dövlət müdafiə sənayesi portalının rəsmi hesabı Ukrayna silahlarının nümayiş olunduğu videomaterial yayıb və kadrlarda “Long Neptune” də görünüb.

Videoda raketin adı çəkilməsə də, X formalı qatlanan qanadları ilə seçilən konstruksiya onu tanımağa imkan verir. Kadrlara əlavə olunan buraxılış səhnələri isə 2018–2020-ci illərə aid arxiv görüntüləridir ki, həmin vaxtda da orijinal sahil mühafizə kompleksi “Neptune” sınaqlardan keçirilirdi.

“Long Neptune” barədə rəsmi texniki göstəricilər açıqlanmayıb, yalnız onun 1000 km uçuş məsafəsinə malik olduğu və yerüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulduğu bildirilib.

Vizual müqayisələr raketin ilkin R-360 versiyasından fərqlərini göstərir. Mühərrikin yerləşdiyi quyruq hissəsi dəyişməyib. Bu təhlilə əsasən, “Long Neptune”un uzunluğu (sürətləndirici raketsiz) 6 metrdən çoxdur ki, bu da R-360-dan təxminən 1.5 metr uzun deməkdir.

Mərkəzi gövdə də böyüdülüb və diametri təxminən 38 sm-dən 50 sm-ə qədər artırılıb. Beləliklə, raket həm daha uzun, həm də daha qalın olub ki, bu da yanacaq tutumunun artırılması ilə bağlıdır. Burun hissəsi isə əvvəlki ilə eyni diametri saxlayır.

Qanad və quyruq səthlərinin də böyüdülməsi raketin artan kütləsini balanslaşdırmaq üçün nəzərdə tutulub. Əvvəlki “Neptune” raketinin döyüş başlığı 150 kq idi, lakin uzunmənzilli versiyanın göstəriciləri hələlik məlum deyil.

Seçilən
1
poliqon.az

1Mənbələr