AZ

Qədim Muqteppe şəhərində 1500 illik su kəməri tapıldı

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tacikistanın İstaravşan şəhəri (keçmiş Ura-Tyube) yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Muqteppe şəhər yerində qədim su kəməri aşkarlanıb. Alimlərin sözlərinə görə, bu tapıntı Orta Asiyada indiyədək məlum olan ən qədim su təchizatı sistemlərindən biridir.

65 metrlik təbii təpənin zirvəsində yerləşən qalada aşkarlanan kəmər sistemi şəhərin müdafiə tikililərini və əhalini su ilə təmin etmək üçün qurulmuşdu. Bu, eramızın V–VIII əsrlərinə aid edilən mühəndislik nümunəsi kimi qədim ustaların yüksək texniki bilik və bacarıqlarını nümayiş etdirir.

Qazıntılar Hücənd Dövlət Universitetinin (akademik Bobocan Qafurovun adını daşıyan) arxeoloqları tərəfindən aparılıb. Onlar əvvəlcə hesab edirdilər ki, 2017–2018-ci illərdə aparılan tikinti işləri Muqteppenin mədəni qatlarını tamamilə dağıdıb. Lakin araşdırmalar nəticəsində yalnız su kəməri deyil, həm də müxtəlif məişət əşyaları və istehsal alətləri üzə çıxarıldı.

Su kəməri sistemi qonşu təpənin ətəyindəki bulaqdan başlayırdı. Su, hər biri 40 sm uzunluğunda olan keramika borular vasitəsilə qalaya ötürülürdü. Borular alçı məhlulu ilə möhkəmləndirilərək 85 sm enində və 20 sm dərinliyindəki xəndəklərə yerləşdirilmişdi. Marşrut boyunca kiçik su anbarları da inşa edilmişdi ki, bu da sistemin səmərəli işləməsinə imkan verirdi.

Tapılan nümunələrin hamısının eyni ölçüdə olması, onların xüsusi emalatxanalarda hazırlanmasından xəbər verir. Arxeoloqlar hesab edirlər ki, bu, həmin dövrdə şəhərin yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə və mövcudluq şəraitinə dəlalət edir.

Qazıntılar zamanı, həmçinin dəyirman daşları, ip əyirmə üçün alət, keramika qab parçaları da aşkar edilib. Bu, Muqteppedə kənd təsərrüfatı və toxuculuğun geniş yayıldığını sübut edir. Daha qədim qatlarda isə gil qablar və içki üçün istifadə olunan qədim küpələr tapılıb.

Alimlər bu tapıntını Orta Asiyanın urbanizasiya tarixi üçün mühüm dəlil hesab edir, çünki o, qədim şəhərlərdə mühəndislik və təsərrüfat həyatının yüksək səviyyədə təşkil olunduğunu göstərir.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr