Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İranda keçiriləcək beynəlxalq konfransa dəvət edilib.
Bununla bağlı İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu QMİ sədrinə dəvət məktubi təqdim edib.
Səfir həmçinin İslam Əməkdaşlıq Təşkilatı xəttilə Həzrəti Peyğəmbərimiz Məhəmməd Salavatullahın mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verib.
Səfirlə görüşdə Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub. Şeyxülislam A.Paşazadə bildirib ki, İra Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və iki ölkə arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaq.
İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Şeyxülislam A. Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirib və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.