AZ

Yeni sistem büdcəyə nəzarəti gücləndirəcək -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır. Fərmandan irəli gələn məsələlər barədə Metbuat.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, rəqəmsal dövlət maliyyəsinin əsas məqsədi bütövlükdə maliyyə sistemində şəffaflığı gücləndirməkdir. Millət vəkili vurğulayıb ki, şəffaflığın artırılması isə ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən biridir: “Yeni elektron sistem büdcə vəsaitlərinin xərclənməsinə tamamilə fərqli yanaşma gətirəcək. Bu sistem, bir tərəfdən, bütün maliyyə proseslərinin elektronlaşdırılmasına şərait yaradacaq, digər tərəfdən isə bu proseslərə nəzarəti, məlumatların toplanmasını və daha operativ emalını mümkün edəcək. Prezident İlham Əliyev tərəfindən imzalanmış son sənəd dövlət maliyyəsində daha şəffaf və səmərəli mexanizmlərin qurulmasına, informasiyalara əlçatanlığın artırılmasına və büdcə vəsaitlərinin istifadəsinə ciddi nəzarətin təmin edilməsinə yönəlib”. Millət vəkili qeyd edib ki, büdcə vəsaitlərinin şəffaf və səmərəli xərclənməsi maliyyə intizamını möhkəmləndirməklə yanaşı, qənaətə də imkan yaradır. “Bu qənaət hesabına sosial sahələr başda olmaqla digər istiqamətlərə daha çox maliyyə vəsaiti ayrılması mümkün olacaq”, - deyə Vüqar Bayramov əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
33
metbuat.az

1Mənbələr