İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında “3+3” formatının – Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İranın daxil olduğu regional platformanın – Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcəyinə inandığını bildirib. Bu barədə TASS agentliyi İran prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“İnanıram ki, İran və Rusiyanın iştirakı ilə 3+3 danışıqları Qafqaz regionunun problemlərinin həlli üçün daha təsirli və səmərəli mexanizm olacaq”, – Pezeşkian qeyd edib.
Avqustun 8-də, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyannamə imzalayıblar. Yeddi bənddən ibarət sənəd tərəflərin sülhə sadiqliyini və “Tramp marşrutu” adlandırılan, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizin açılmasını nəzərdə tutur.
Avqustun 9-da İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran bu dəhliz layihəsinin əleyhinədir və onun həyata keçirilməsinə “hər cür maneə yaradacaq”.
İran tərəfi bu marşrutun bölgədə geosiyasi balansı poza biləcəyindən narahatlığını ifadə edib.
Gülnar