AZ

"Özbəkneftqaz" SOCAR ilə gələcək əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb - EKSKLÜZİV

"Özbəkneftqaz" SC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neft-qaz sektorunda proseslərin rəqəmsallaşdırılması, "yaşıl texnologiyalar"ın tətbiqi və sənaye təhlükəsizliyinin təkmilləşdirilməsi kimi prioritet sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edir.

Bunu “Report”a müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib.

“Özbəkneftqaz” və SOCAR daimi dialoq aparır, əməkdaşlığın perspektivli sahələrini araşdırırlar. Əminik ki, davamlı tərəfdaşlıq təkcə iqtisadi maraqlar üzərində deyil, həm də texnoloji və ekoloji inkişafa müasir yanaşmalar əsasında qurulmalıdır”, - o vurğulayıb.

B.Sidikovun sözlərinə görə, “Özbəkneftqaz” beynəlxalq layihələrdə, o cümlədən Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə strateji maraq göstərir: "Biz dialoqa açığıq və SOCAR ilə potensial tərəfdaşlıq üçün müxtəlif ssenariləri təhlil edirik".

"Şahdəniz", "Abşeron", "Azəri-Çıraq-Günəşli", "Ümid-Babək" kimi böyük Azərbaycan yataqlarına maraqla bağlı sualı cavablandırarkən, şirkət rəhbəri qeyd edib ki, "Özbəkneftqaz" Azərbaycandakı aparıcı layihələrə maraq göstərir.

"Biz həm investisiya formatında, həm də texnologiya mübadiləsi və istehsal kooperasiyası çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiririk", - B.Sidikov bildirib.

O vurğulayıb ki, “Özbəkneftqaz” üçün neft emalı və neft-kimya potensialının inkişafı mühüm milli prioritetdir: “Bu sahədə biz beynəlxalq təcrübəni və qabaqcıl texnoloji həlləri, o cümlədən Azərbaycanla ikitərəfli və çoxtərəfli əməkdaşlıq potensialını fəal şəkildə öyrənirik. Birgə müəssisələrin yaradılması və ya texnologiya mübadiləsi məsələləri tərəflərin maraqları razılaşdırıldıqca inkişaf etdirilə bilər”.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.

Seçilən
3
1
report.az

2Mənbələr