Avqustun 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Fələstin dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Əhməd Metani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulayıb. O, fəaliyyəti dövründə Fələstinlə daim yaxın münasibətlərin olduğunu, mərhum Fələstin lideri Yasir Ərəfatla İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşlərini xatırladığını bildirib. Azərbaycan dövlətinin Fələstinlə bağlı beynəlxalq tədbirlərdə fəal iştirakını, habelə ölkəmizdə təşkil olunmuş dəstək konfransını xatırladan QMİ sədri qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq müstəvilərdə Fələstin xalqının mövqeyini dəstəkləyib. O, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qətnamələri əsasında həllinə tərəfdar olduğunu vurğulayıb.
A.Paşazadə hazırda Qəzzada baş verən humanitar böhrandan məyusluğunu ifadə edərək problemin sülh yolu ilə həlli üçün dualar etdiyini bildirib. O, yeni səfirə fəaliyyətində uğurlar arzulayıb və ölkəmizdə fəaliyyəti dövründə xalqlarımız arasında münasibətlərin, dövlətlərarası əməkdaşlığın inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Əhməd Metani isə Fələstin Müftisi Məhəmməd Hüseynin salamlarını Azərbaycanın dini liderinə çatdırıb və diplomatik fəaliyyəti müddətində Azərbaycan və Fələstin dini rəhbərlərinin görüşünü təşkil etməkdən məmnunluq duyacağını bildirib.
Daha sonra səfir Qəzzada baş verən hadisələr barədə fikirlərini bölüşüb. Azərbaycanın gələn il ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə toxunan diplomat, bu toplantıda Fələstin məsələsinə dair mühüm qərarların qəbul ediləcəyinə ümidvar olduğunu ifadə edib.