AZ

Ukraynaya təhlükəsizlik təminatı, yoxsa hakimiyyət dəyişikliyi?- TƏHLİL

Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib ki, Ukraynanın təhlükəsizliyinin təminatçıları dairəsi genişləndirilməli və bu təminatlar NATO-ya üzvlüyə bərabər olmalıdır.

Berlində Almaniya hökumətinin təşkil etdiyi açıq qapı günündə çıxış edən nazir bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanəti verəcək dövlətlərin siyahısı, ilk növbədə, ABŞ da daxil olmaqla, Avropadan kənara da genişləndirilməlidir.

Onun sözlərinə görə, Yaponiya da daxil olmaqla 30-a yaxın ölkə Kiyevi dəstəkləməyə hazır olduğunu bəyan edib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri iddia edib ki, Ukraynanın təxminən NATO üzvlüyünə bərabər təhlükəsizlik təminatlarına ehtiyacı var.

Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, təhlükəsizlik təminatı məsələsi Ukrayna üçün prioritetlərdəndir:

“Rəsmi Kiyev yalnız ciddi təhlükəsizlik təminatları veriləcəyi təqdirdə danışıqlara loyal münasibət göstərə bilər. Ancaq indiki halda nə ABŞ, nə də Avropa belə bir zəmanəti Ukraynaya verir. Hətta versələr də, çətin ki, vədlərinin üstündə dursunlar. Çünki Ukraynaya ciddi təhlükəsizlik təminatının verilməsi Rusiya ilə növbəti, daha ciddi qarşıdurmaya hazır olmaq deməkdir. Məncə, nə Vaşinqton, nə də Avropa paytaxtları buna gözə alar.

İkinci bir tərəfdən almaniyalı diplomat deyib ki, Ukraynaya NATO-ya üzvlüyə bərabər təhlükəsizlik təminatı lazımdır. Bu, o deməkdir ki, artıq təkcə ABŞ yox, Avropa da rəsmi Kiyevin Alyansa üzvlüyünü istisna edir. Halbuki müharibə məhz NATO-nun genişlənməsinə görə başlamışdı. Və savaşın ilk vaxtlarında Qərb dövlətləri bu mümkün üzvlüyü dəstəkləyir, Ukraynanı NATO-da görmək istədiklərini deyirdilər. Bu gün isə həmin Qərb dövlətləri verdikləri vədi unudublar. Deməli, hətta Ukraynaya təhlükəsizlik təminatı verilsə belə, Qərb dövlətlərinin istənilən vaxt geri çəkilməsi mümkündür. Elə buna görə də vəziyyət mürəkkəb olaraq qalır”.

“Ümumiyyətlə, yəqin ki, müharibənin sonuna qədər kimsə Ukraynaya ciddi təhlükəsizlik təminatı verməyəcək. Düşünürəm ki, Ukraynada hakimiyyətin dəyişdirilməsi daha real variantdır”,- deyə K. Novruzov sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr