AZ

Putin Əliyevin dostu ilə danışmağa gedir – Supergüclərin Zəngəzur savaşı

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək. Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır. Bundan əlavə, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etmək niyyətindədir.

ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Putinin Çinə səfəri maraq doğurub. Tramp hakimiyyətə gəldikdən sonra Rusiya–ABŞ münasibətlərində yaxınlaşma, yumşalma belə şərh olunurdu ki, Vaşinqton Putini Çinin nəzarətindən qoparmağa çalışır. Alyaska görüşündən sonra oxşar şərhlər davam etməyə başladı.

Putinin Çinə gözlənilən səfəri ABŞ-la yaxınlaşma ilə bağlı müttəfiqi Çini məlumatlandırmaq xarakteri daşıya bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Putinin Çinə dördgünlük səfəri Moskva ilə Pekin arasındakı strateji münasibətlərin davamlılığı baxımından əhəmiyyətli hesab olunur:

“Bu səfərin ABŞ Prezidenti Donald Trampla görüşdən dərhal sonra baş tutması isə beynəlxalq dairələrin diqqətini cəlb edib. Alyaska görüşü Rusiya–ABŞ münasibətlərində müəyyən yumşalma təəssüratı yaratsa da, bunun Putini Çindən uzaqlaşdıracağı barədə proqnozlar indiyədək özünü doğrultmayıb.

zuriye

Züriyə Qarayeva

Pekin ehtiyatlı mövqe sərgiləyir və açıq siyasi reaksiyalar verməkdən çəkinir. Lakin Çini həm də bölgədə baş verən proseslər yaxından maraqlandırır. Ona görə də Putinin qarşıdakı səfəri təkcə ikitərəfli münasibətlərdə iqtisadi və siyasi gündəliyin müzakirəsi deyil, həm də Alyaska görüşündən sonra müttəfiqi Pekini məlumatlandırmaq, münasibətlərin sabitliyini qorumaq xarakteri daşıya bilər. Bu baxımdan, Rusiya–ABŞ xəttində mümkün yaxınlaşmaların Moskva–Pekin tərəfdaşlığına mənfi təsir etməməsi Kreml üçün strateji əhəmiyyət kəsb edir”.

Siyasi şərhçi Asif Nərmanlı isə deyib ki, Putinin Trampla görüşdən sonra Çin səfərinə iki kontekstdə baxmaq olar:

“Birincisi, bu, rəsmi Pekini məlumatlandırmaqdan çox, Vaşinqtonu şərtləri ilə razılaşdırmaq məqsədi daşıya bilər. Çünki Moskvanın Ukrayna məsələsində ağır şərtləri var və görünür, Alyaskada bu məsələlər müzakirə edəndən sonra Kiyevin razı salınmasını gözləyir. Çinə səfər etməklə də ABŞ-a şərtləri qəbul edilmədiyi təqdirdə, seçiminin necə olacağını göstərir.

İkincisi, qlobal oyun bitmədiyi, mövqelər paylaşdırılmadığı müddətdə Moskva Pekin qapısını açıq saxlayacaq və bu alternativdən daim istifadə etməyə çalışacaq”.

Analitik qeyd edib ki, Putin-Szinpin görüşündə Orta dəhlizin və bu marşrutda əsas nöqtələrdən olan Zəngəzur dəhlizinin müzakirəsi istisna deyil:

“Çünki Vaşinqtonda Azərbaycan-Ermənistan anlaşması və ABŞ-ın Zəngəzur dəhlizində mövcudluğunun əsas hədəfi Orta dəhlizi nəzarətə götürmək, Çinin yolunu bağlamaq, ən azı “Bir kəmər, bir yol” layihəsində təsir imkanlarını artırmaqdır. Bayden Administrasiyası da buna çalışırdı, lakin Ermənistana dəstək verməklə “yanlış ata” oynadılar. Tramp isə faktiki olaraq buna nail oldu. İndi Çin üçün əsas məsələlərdən biri “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizində mövqelərini qorumaqdır və bunun üçün ilk öncə Rusiyanın ona arxadan zərbə vurmayacağına əmin olmaq istəyir. Mümkündür ki, Pekin Cənubi Qafqazda Moskva ilə birlikdə hərəkət etmək istəyə bilər, daha dəqiq desək, Rusiyanın bölgədə az da olsa hələ də qalan təsir rıçaqlarından ABŞ-ın regiondakı mövqelərini zəiflətmək xəttini izləyə bilər. Lakin Çinin birbaşa müdaxilə imkanları çox deyil, xüsusilə nəzərə almaq lazımdır ki, Pekinin “açılım strategiyası” maksimum ehtiyatlılıq və birbaşa müdaxilənin olmaması prinsipinə söykənir. Çin Orta dəhlizdə Rusiya ilə birlikdə hərəkət etmək xəttini izləməklə yanaşı, iqtisadi imkanlarını işə sala bilər.

Asif0nerimanli

Asif Nərimanlı

1. Mərkəzi Asiyada iqtisadi yatırımlarını genişləndirə, bu regiona ABŞ-ın girişini məhdudlaşdırmağa çalışa bilər.

2. Cənubi Qafqazda ABŞ-ın təsiri qarşısında mövqelərini saxlamaq üçün həm Azərbaycan, həm Ermənistanla iqtisadi əməkdaşlığı dərinləşdirə bilər.

3. Regionda İranın müdaxilələrinə pərdəarxası dəstək verə bilər.

4. Zəngəzur dəhlizinin açılması ilə tranzit imkanlarının zəiflədiyini düşünən Gürcüstanda mövqelərini gücləndirmək istiqamətində addımlarını müşahidə edə bilərik”.

Seçilən
4
1
editor.az

2Mənbələr