Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-epidemioloji rifah və ictimai sağlamlıq komitəsi sədrinin birinci müavini Nurmat Atabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib, təcrübə mübadiləsi aparılıb.
Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər dinamik şəkildə inkişaf edir, qarşılıqlı səfərlər, imzalanan sənədlər və həyata keçirilən birgə layihələr əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır. Görüş zamanı ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin olunması sahəsində görülən işlər, mövcud qanunvericiliyin və texniki normativ-hüquqi aktların tətbiqi təcrübəsi nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Daha sonra qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, nəzarət tədbirləri, yoxlama prosedurları, HACCP sisteminin tətbiqi üzrə əldə olunmuş təcrübə müzakirə edilib.
Görüşdə idxal-ixraca dair tələblər, yeni növ məhsulların, bioloji aktiv qida əlavələrinin, pestisidlərin, baytarlıq preparatlarının və yem əlavələrinin qeydiyyatı məsələləri, eləcə də “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin iş prinsipləri ilə bağlı təqdimatlar edilib. Bununla yanaşı, ictimaiyyətlə ünsiyyətin qurulması, media vasitələrindən səmərəli istifadə və kommunikasiya materiallarının hazırlanması mövzuları da diqqət mərkəzində olub.
Görüşün yekununda iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
Nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə də tanış olacaq.