Bu tədbir avqustun 25-dən başlayıb və gənclərə həsr olunub. “İqlim Dəyişikliyi Yay Düşərgəsi” ötən il Bakıda keçirilmişdi, bu il isə Şamaxıda təşkil etməyə qərar verdik. Burada yaxşı şərait var. Tədbirdə 20 ölkədən 40-dan artıq nümayəndə, həmçinin yerli gənc müəllimlər iştirak edirlər. Əsas məqsəd “yaşıl təhsil” ideyalarının yayılmasıdır. Yəni iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və ekoloji maarifləndirmə ilə bağlı biliklərin uşaqlara və gənclərə çatdırılması. Düşərgə bu baxımdan çox faydalıdır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev deyib.
“Bu, artıq bizim Şamaxıda təşkil etdiyimiz ikinci tədbirimizdir. Xatırlayırsınızsa, iyul ayında burada “Şamaxı Retreat” adlı böyük bir görüş keçirilmişdi. O zaman 100-dən çox ölkənin nümayəndəsi iqlim maliyyəsi və Bakıda ötən il qəbul edilən qərarların icrası məsələlərini müzakirə etmişdi. Həmin müzakirələr çox maraqlı və səmərəli oldu.
Azərbaycan bu formatı yaratmaqla ölkələrə və nümayəndələrə sərbəst, qeyri-rəsmi mühitdə fikir mübadiləsi aparmaq imkanı verir. Bilirsiniz, rəsmi görüşlərdə bütün məsələləri açıq danışmaq həmişə mümkün olmur. Şamaxı isə belə səmimi və açıq dialoqlar üçün ideal platformadır.
Düşərgədə müzakirə olunan mövzular çox maraqlıdır. Xüsusilə Afrikadan gələn nümayəndələrin təcrübəsi diqqət çəkir. Bilirsiniz ki, Afrika qitəsində enerji ilə bağlı ciddi problemlər var. Bəzi bölgələrdə əhalinin yarısının elektrik enerjisinə çıxışı yoxdur. Təsəvvür edin, enerji olmadığı halda səhiyyə, təhsil və digər xidmətlər necə geridə qalır.
Burada həmkarlarımız həmin problemlərin həlli üçün müxtəlif metodologiyaları, yanaşmaları paylaşır. Biz də öz təcrübəmizi bölüşürük. Azərbaycan Elm və Təhsil
Nazirliyi də bu istiqamətdə çox fəal iştirak edir. Pandemiya dövründə başladığımız təşəbbüslər indi də davam etdirilir”, - deyə Muxtar Babayev qeyd edib.
Azərbaycanın COP30-a hazırlığı barədə danışan M.Babayev deyib: “Hazırlıqlar intensiv şəkildə gedir. Qarşıda bir sıra böyük tədbirlər var. İlk olaraq, sentyabr ayında Afrika İqlim Həftəsi keçiriləcək. Daha sonra Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika Sammiti baş tutacaq. Ardınca isə BMT Baş Assambleyasından əvvəl Nyu-York İqlim Həftəsi təşkil ediləcək.
Azərbaycan artıq iki ildir ki, Nyu-York İqlim Həftəsində iştirak edir – 2023 və 2024-cü illərdə. Bu tədbir çox maraqlı keçir. Baxmayaraq ki, ABŞ hökuməti bəzən iqlim gündəliyində daha passiv görünür, özəl sektor, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti çox fəaldır. Dünyanın 200-ə yaxın ölkəsinin nümayəndəsi həmin müzakirələrdə iştirak edir və biz də COP29 komandası olaraq orada təmsil olunacağıq.
Azərbaycan son illərdə yaşıl enerji layihələri ilə beynəlxalq arenada lider mövqeyini möhkəmləndirib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə icrasına başlanılan böyük layihələr artıq regional əməkdaşlıq üçün mühüm platformaya çevrilib.
Mərkəzi Asiya ölkələri, Türkiyə, Avropa və qonşu ölkələrlə birgə həyata keçirilən bu layihələr həm regionun enerji təhlükəsizliyi, həm də qlobal yaşıl iqtisadiyyatın inkişafı baxımından böyük əhəmiyyət daşıyır”, - deyə Muxtar Babayev vurğulayıb.
Muxtar Babayev COP29-da qəbul olunan qərarların icrası ilə bağlı son məlumatlarla bölüşüb: “Bu da bizim əsas prioritetlərimizdəndir. Qəbul edilmiş qərarların icra mexanizmlərinin hazırlanması və tətbiqi üzərində işləyirik. Bundan başqa, Afrika ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq da dərinləşir. Orada müxtəlif qurumlarımız çox fəal işləyir və bu əlaqələr uğurla inkişaf edir. Hesab edirəm ki, bütün bu əməkdaşlıq nəticəsində həm beynəlxalq miqyasda, həm də ölkə daxilində daha yaxşı nəticələr əldə edəcəyik”, - deyə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi qeyd edib.