AZ

2300 məscid, 16 kilsə, 7 sinaqoq bir arada - ikinci belə ölkə var?


Müasir dövrdə qloballaşma prosesi daha da sürətlənib, müxtəlif etnik və dini qrupların bir arada yaşaması zərurətə çevrilib.

Bu baxımdan, dini və milli tolerantlıq yalnız harmoniya və sabitlik yaratmaq üçün deyil, həm də cəmiyyətlərin davamlı inkişafına töhfə vermək üçün əsas şərtlərdən biridir.

Qloballaşma və miqrasiya prosesləri dini, milli müxtəlifliyi daha da artırıb

Dini və milli tolerantlıq anlayışı insan haqlarının qorunması, azadlıqların təmin edilməsi və ictimai harmoniyanın formalaşdırılması ilə sıx bağlıdır. Tolerantlıq sadəcə dözümlülük deyil, eyni zamanda başqalarının inanclarına, adət-ənənələrinə və milli kimliklərinə hörmətlə yanaşmaqdır. Bu anlayış fərdlərin bir-birini daha yaxşı tanımasına, birgəyaşayış mədəniyyətinin formalaşmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə zəmin yaradır. Tarix boyu dini və milli münaqişələrin yaratdığı fəsadlar bəşəriyyətə ağır ziyanlar vurub, cəmiyyətlər arasında parçalanmaya səbəb olub. Eyni zamanda, tolerantlığın və dialoqun hakim olduğu cəmiyyətlər daha sabit, təhlükəsiz və firavan olub. Tarixi nümunələr göstərir ki, multikultural mühitin mövcud olduğu ölkələrdə elmi, mədəni və iqtisadi inkişaf daha sürətli getmiş, fərqli din və etnik mənsubiyyətə malik insanlar birgə fəaliyyət göstərərək ümumi rifaha töhfə vermişlər. Müasir dövrdə qloballaşma və miqrasiya prosesləri dini, milli müxtəlifliyi daha da artırıb. Bu da insanları qarşılıqlı anlaşmaya, mədəni dialoqa və tolerantlığa daha çox önəm verməyə sövq edir. Dünyanın bir çox ölkəsində multikulturalizm siyasəti yürüdülür, müxtəlif xalqların və dinlərin bir arada sülh şəraitində yaşaması üçün hüquqi və sosial mexanizmlər formalaşdırılır.

Azərbaycan modeli dünyada tolerantlığın uğurlu nümunələrindən biri kimi qəbul edilir

Azərbaycanda da dini və milli tolerantlıq qədim ənənələrə söykənir. Ölkəmiz tarixən fərqli millətlərin və dinlərin nümayəndələrinin dostluq və qarşılıqlı hörmət şəraitində yaşadığı bir məkan olmuşdur. Azərbaycan modeli dünyada tolerantlığın və multikulturalizmin uğurlu nümunələrindən biri kimi qəbul edilir. Bu gün ölkədə müxtəlif dinlər və etnik qruplar arasında harmoniyanın qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Konstitusiyamıza görə, Azərbaycan vətəndaşları irqindən, millətindən, dinindən asılı olmayaraq bərabərdirlər. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyasında da bu dəyərlər və münasibətlər sistemi nəzərə alınıb. Buna görə də Azərbaycanda dini tolerantlıq, etnik ünsiyyət və mədəni inteqrasiya yüksək səviyyədədir. Ölkəmizdə mədəni fərqlilik birləşdirici amil kimi çıxış edir, ayrıseçkilik və qütbləşmə yaratmaq əvəzinə, harmoniyanı təmin edir. Eyni zamanda, dini və məzhəb müxtəlifliyi də cəmiyyət daxilində uyumlu bir şəkildə mövcud olur və ümumi sosial dəyərlər sisteminin tərkib hissəsinə çevrilir. Bütün bunların nəticəsidir ki, hamı azərbaycanlı olaraq eyni zamanda öz milli mənsubiyyətini, inancını, etiqadını yaşada bilər. Sözügedən vəziyyət, bir tərəfdən, Azərbaycan xalqının milli mentaliteti ilə sıx bağlıdır. Milli xarakterimizdə, mənəviyyatımızda və psixologiyamızda bu tolerantlıq və birgəyaşayış mədəniyyəti özünü göstərir. Digər tərəfdən, bu dəyərlər hüquqi müstəvidə də təsbit olunub. Konstitusiyada əksini tapan bu keyfiyyətlər hüquqi məzmun kəsb edərək ölkənin sosial və siyasi sisteminin əsas prinsiplərindən birinə çevrilib. O baxımdan bu, sözün həqiqi mənasında unikal bir hadisədir. Xalqımızın birliyi, həmrəyliyi, gücü və bərabərliyi məhz bu zəngin mədəniyyətdən, dərin dini və siyasi dünyagörüşündən qaynaqlanır. Bu keyfiyyətlər Azərbaycan xalqını daha böyük gələcəyə aparacaq gücə və perspektivə malikdir. Azərbaycan timsalında diqqəti çəkən məqam odur ki, bu deyilənlərlə bağlı məqamlar bəzi ölkələrdən fərqli olaraq Konstitusiyada formal olaraq öz əksini tapmayıb. Reallıqda da bu, belədir. Bunun nəticəsidir ki,hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Bizdə mövcud olan dini və milli tolerantlıq qanunların, beynəlxalq konvensiyaların fövqündədir

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Azərbaycanda mövcud olan dini və milli tolerantlıq qanunların, beynəlxalq konvensiyaların fövqündədir: “Bu kimi məsələlər təkcə qanunla idarə edilmir. Bu, xalqımızın içindən, mental dəyərlərindən və uzun illərdir formalaşan mehriban münasibətlərdən, qarşılıqlı hörmətdən irəli gəlir. Çünki milli, dini kimliyindən asılı olmayaraq, uzun illərdir yaşadığımız coğrafiyada insanlar qaynayıb-qarışıb. Ölkəmizin inkişafına, tərəqqisinə töhfə veriblər. Azərbaycanda səmavi dinlərə, bu dinləri təmsil edən müqəddəs məkanlara, ibadətgahlara münasibət eynidir. Cəmiyyətimiz məscidə necə hörmət edirsə, kilsəyə, sinaqoqa da həmin hörməti göstərir. Çünki qeyd etdiyim kimi, hər 3 din səmavidir. İndiyə qədər ölkəmizdə dini zəmində toqquşma olmayıb. Yalnız ermənilər etnik separatizmlə məşğul olublar ki, bu da onların nankor xislətindən irəli gəlir. Çünki nankorluq, xəyanətkarlıq onların xislətinə xas olan xüsusiyyətdir. Halbuki, Azərbaycanda onlara ən yüksək münasibət olub. Bakının ən görkəmli yerlərində ermənilər yaşayırdı. SSRİ dönəmində rəhbər orqanlarda təmsil olunurdular. Ancaq bütün bunlara baxmayaraq, kürəyimizdən vurdular. Uzun illər ərazilərimizi işğal altında saxladılar. Allahsızcasına Qarabağda məscidlərimizi dağıtdılar, müqəddəs məkanlarımızı təhqir etdilər. Bütün bunlara rəğmən, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra onlara sülh əlini uzatdı. Çünki daim müharibə vəziyyətində yaşamaq olmaz. Lakin biz bütün bunlardan ciddi nəticə çıxarmalı və hər zaman ayıq olmalıyıq”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
4
baki-xeber.com

1Mənbələr