Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ticarət-iqtisadi, investisiya, tranzit-nəqliyyat, mədəni-humanitar sahələrdə Qazaxıstan-Yaponiya genişləndirilmiş strateji tərəfdaşlığının hazırkı vəziyyətini və inkişaf perspektivlərini, habelə beynəlxalq strukturlar xətti ilə qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin rəhbərini salamlayan Kasım-Jomart Tokayev vurğulayıb ki, Astanaya edilən səfər ikitərəfli əlaqələrin möhkəmlənməsinə yeni təkan verəcək.
“Yaponiya Asiyada bizim etibarlı və yaxın tərəfdaşımızdır. Biz Tokio ilə hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət veririk”, - deyə Qazaxıstan Prezidenti bildirib.
Öz növbəsində, T.İvaya diqqətə çatdırıb ki, Qazaxıstan və Yaponiya beynəlxalq asayişin möhkəmləndirilməsində maraqlı strateji tərəfdaşdırlar.
“Mən hesab edirəm ki, səfərim ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə yol açacaq”, - deyə yaponiyalı nazir qeyd edib.
Söhbət zamanı, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.