Bu gün IX “Muğam” Televiziya Müsabiqəsinin finalıdır və işğaldan azad olunmuş ərazilərimizdən biri olan Laçınımızda biz bunu qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarımızda muğam müsabiqəsinin, belə gözəl, möhtəşəm tədbirlərin keçirilməsi olduqca qürurvericidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə IX “Muğam” Televiziya Müsabiqəsinin Laçında keçirilən final mərhələsində Xalq artisti, xanəndə Mələkxanım Eyubova deyib.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn muğam müsabiqəsi muğam ifaçıları, gənclərimiz üçün bir cığır, gözəl bir yol açır. Gənclərimiz muğamları doğru-düzgün mənimsəyir, ustadlardan dərs alırlar, klassik muğamlarımıza yiyələnirlər. Müsabiqədə iştirak edən gənclər bizim gələcəyimizdir”, - deyə M.Eyubova söyləyib.