Cari ilin yanvar-iyun aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 22 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 81,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2025-ci il vəziyyətinə 459,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.