AZ

Qarabağdan türk birliyinə: yeni əməkdaşlıq dövrü ŞƏRH

Bakı, 25 avqust, AZƏRTAC

Qarabağın düşmən tapdağından azad edilməsi yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının taleyində yeni səhifə açdı. Qarabağ bu gün türk birliyinin rəmzinə çevrilərək həm siyasi, həm də mənəvi baxımdan ortaq bir dəyərə dönüb. Qardaş ölkələrin –Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın və nəhayət, Türkmənistanın Qarabağın bərpasına verdiyi töhfələr türk həmrəyliyinin real nümunəsidir. Türkmənistanın Füzulidə “Dostluq və Qardaşlıq Məscidi” inşa edəcəyinə dair xəbər Türk dünyasının gələcək birlik ideyasını daha da gücləndirir.

Azərbaycan bu tarixi prosesin mərkəzində dayanaraq türk dövlətlərini birləşdirən strateji layihələrin lokomotivinə çevrilib. Bu, sadəcə regional əməkdaşlıq deyil, türk tarixinin yeni Qızıl dövrünün yazılması deməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Türkmənistanda tarixi görüş

Deputat vurğulayıb ki, avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə işgüzar səfəri Türk dünyası üçün mühüm hadisə oldu. Səfər çərçivəsində ikitərəfli və üçtərəfli formatda görüşlər keçirildi. Xüsusilə Türkmənistan–Azərbaycan–Özbəkistan liderlərinin ilk üçtərəfli zirvə görüşü tarixi bir dönüş nöqtəsi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin sözləri bu əməkdaşlığın mahiyyətini açıq şəkildə ifadə etdi: “Xalqlarımızı ortaq tarix, mədəniyyət, dil və din birləşdirir. Ənənələrimiz oxşardır, dostluq və qardaşlıq münasibətlərimiz əsrlər boyu möhkəmlənmişdir. Energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və mədəni əlaqələr üzrə çox gözəl perspektivlər var”.

Bu bəyanat türk dövlətləri arasında həmrəyliyin gələcək istiqamətlərini müəyyənləşdirən strateji vizyonu ortaya qoydu.

Qlobal əhəmiyyətli əməkdaşlıq

Türkmənistan və Azərbaycanın yerləşdiyi coğrafi ərazinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etdiyini diqqətə çatdıran deputat deyib: “Müasir dəniz limanları, hava limanları, dəmir yolları və logistika infrastrukturu Avropa ilə Asiyanı birləşdirən etibarlı körpü rolunu oynayır. Bu əməkdaşlıq təkcə regiona deyil, daha geniş Avrasiya məkanına böyük fayda gətirir.

Azərbaycanın Türkmənistanla mədəni və siyasi yaxınlığı həm də beynəlxalq müstəvidə özünü göstərir. BMT Baş Assambleyasında qəbul olunmuş “Türkmənistanın daimi neytrallığı” qətnaməsinin həmmüəlliflərindən biri məhz Azərbaycan oldu. Bu addım xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirildi.

Füzuli – qardaşlıq paytaxtına çevrilir. Türkmənistanın Füzulidə məscid inşa etməsi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması tarixi bir hadisədir. Bu qərarlar yalnız dini və mədəni deyil, həm də mənəvi birliyin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı bu təşəbbüsü əbədi qardaşlıq dəstəyinin parlaq nümunəsi kimi yadda saxlayacaq.

Azərbaycan ilə Özbəkistan münasibətləri isə artıq “Müttəfiqlik haqqında Müqavilə” səviyyəsinə yüksəlib. Bu sənəd 2024-cü ildə imzalanaraq qardaşlıq əlaqələrini strateji müstəviyə yüksəldib.

Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfələr xüsusi vurğulanmalıdır: Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin inşası, Xankəndidə böyük tikiş fabrikinin yaradılması, Bakıda “Özbəkistan” parkının salınması.

Bütün bunlar qardaşlıq münasibətlərinin rəsmi sənədlərdən çıxaraq həyatın müxtəlif sahələrinə nüfuz etdiyini göstərir”.

Energetika və nəqliyyat – gələcəyin açarı

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan, Türkmənistan və Özbəkistan həm enerji resursları, həm də tranzit imkanları ilə Avrasiya məkanında mühüm geostrateji mövqeyə malikdir. Orta Dəhliz, Xəzər limanlarının inkişafı, dəmir yolu və logistika layihələri üç ölkəni qlobal ticarət xəritəsinin əsas mərkəzinə çevirir.

Energetika sahəsində də əməkdaşlıq genişlənir: SOCAR artıq Özbəkistanda neft yataqlarının işlənməsinə başlayıb, Türkmənistanla isə ənənəvi tərəfdaşlıq uğurla davam edir. Bu əməkdaşlıq yaxın illərdə region üçün yeni iqtisadi imkanlar yaradacaq.

Tarixi Birgə Bəyanat

“Zirvə görüşündə Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri “Birgə Bəyanat” qəbul edərək çoxtərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdilər. Burada nəqliyyat-tranzit, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələləri də təsbit olundu.

Əsas vurğu Avropa ilə Asiyanı birləşdirən “Böyük İpək Yolu”nun yenidən canlandırılması oldu. Mərkəzi Asiya və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi Türk dünyasını qlobal iqtisadiyyatın ayrılmaz hissəsinə çevirəcək.

Qarabağın azadlığı ilə başlayan bu yeni mərhələ türk dövlətləri üçün birliyin möhkəmlənməsi, əməkdaşlığın dərinləşməsi və ortaq gələcəyin qurulması deməkdir. Azərbaycan isə bu prosesin mərkəzində dayanaraq həm tarixi, həm siyasi, həm də mənəvi liderlik missiyasını uğurla yerinə yetirir. Qarabağ artıq yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının birliyinin rəmzinə çevrilib”, - deyə deputat Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

Seçilən
21
azertag.az

1Mənbələr